AZ

"Səbail" klubu: "ASCO ilə əməkdaşlıq davam edir"

“Bəli, "ASCO Arena"da bannerlərin yenilənmə işləri aparılır, amma bunun sponsorun maliyyə dəstəyini guya dayandırması ilə hər hansı əlaqəsi yoxdur”.

Bunu teleqraf.com-a açıqlamasında “Səbail”in icraçı direktoru Firuz Abdulla ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) ilə əməkdaşlığın dayandırılması xəbərlərinə münasibət bildirərkən deyib.

Klub rəsmisinin sözlərinə görə, qurumla münasibətlərdə son günlər hər hansı yenilik baş verməyib.

F.Abdulla bannerlərin sökülməsinin isə onların yenilənmələri ilə əlaqələndirib: “ASCO ilə klub arasında mövsümün sonuna qədər qüvvədə olan sponsorluq müqaviləsi var. Müqaviləyə uyğun olaraq, əməkdaşlıq davam edir. Bundan əvvəlki mövsümlərdə də sponsorluq müqaviləsi 1 il müddətinə bağlanıb və növbəti ilin əvvəlində yenilənib. Yəni, dəyişən və ya yenilik kimi göstərə biləcəyimiz hər hansı məqam yoxdur".

Qeyd edək ki, ASCO "Səbail"i 2016-cı ildən himayəyə götürüb. Komanda Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını 9 xalla sonuncu - 10-cu yerdə tamamlayıb. Paytaxt təmsilçisi XIX turda "Sumqayıt"ın qonağı olacaq. Yanvarın 18-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq.


Müəllif: Teleqraf.com
Seçilən
3
teleqraf.com

1Mənbələr