2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artmışdır.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2024-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat ilində qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.
2023-cü illə müqayisədə 2024-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artmışdır.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları almışdır.