Böyük Britaniyanın Baş naziri Keir Starmer bu gün, yanvarın 16-da Ukraynaya səfər edib. O, Prezident Volodimir Zelenski ilə görüşəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti xəbər verir.
Starmer və Zelenskinin Londonun Kiyevə təklif edə biləcəyi təhlükəsizlik təminatlarını, o cümlədən Britaniya qoşunlarının müharibədən sonrakı sülhməramlı qüvvələrdə iştirak imkanını müzakirə edəcəyi gözlənilir. Starmerin Kiyevə səfəri ötən həftə Fransa Prezidenti Emmanuel Makronla Ukrayna böhranı, o cümlədən sülhməramlıların göndərilməsini müzakirə etdikdən sonra baş verib.
Starmer dünən deyib: "Putinin Ukraynanı ən yaxın tərəfdaşlarından qoparmaq ambisiyası böyük strateji məğlubiyyətə uğradı. Bunun əvəzinə biz əvvəlkindən daha yaxınıq və bu tərəfdaşlıq dostluğumuzu yeni səviyyəyə qaldıracaq".
“Guardian” yazır ki, səfərdən sonra Ukrayna və Britaniya Donald Tramp dövründə ABŞ-nin dəstəyini geri çəkməyə başlaya biləcəyi ilə bağlı narahatlıqlar fonunda mövcud hərbi əlaqələri dərinləşdirmək üçün tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır.
Nəşrin məlumatına görə, Starmer iqtisadiyyatın bərpası üçün Ukraynaya 40 milyon funt sterlinq ayrıldığını elan etmək niyyətindədir.
Böyük Britaniya artıq Ukraynaya təqribən 13 milyard funt-sterlinq dəstək verib ki, bunun da 7,8 milyard funt-sterlinqi hərbi yardıma və Ukraynanın enerji infrastrukturunun bərpasına yönəlib.
Noyabr ayında Braziliyada keçirilən G20 sammiti zamanı Starmer hökumətinin Ukraynaya yardımı artırmaq niyyətində olduğunu açıqlamışdı.
“AzPolitika.info”