AZ

Cənubi Afrikada tərk edilmiş mədəndən 78 qeyri-qanuni şaxtaçının cəsədi çıxarılıb

Cənubi Afrikanın şimal-qərb əyalətindəki tərk edilmiş Stilfontein mədənində aparılan xilasetmə əməliyyatının ilk üç günü ərzində 78 qeyri-qanuni şaxtaçının cəsədi çıxarılıb.

Cənubi Afrika Polis Xidmətindən (SAPS) verilən yazılı açıqlamada, Stilfontein mədənində yanvarın 13-də başlayan xilasetmə əməliyyatı nəticəsində 216 qeyri-qanuni şaxtaçının xilas edildiyi bildirilib. Açıqlamada həmçinin qeyd edilib ki, əməliyyat zamanı 78 şaxtaçının cəsədi mədəndən çıxarılıb.

Stilfonteindən çıxarılan bütün şaxtaçıların saxlanıldığı da bildirilib.

Cənubi Afrikanın insan haqları təşkilatı olan Mədəndən Təsirlənən İcmaların Fəaliyyət Alyansı (MACUA) yanvarın 3-də Stilfonteyndə qapalı qalan şaxtaçıların, aclıqdan ölən dostlarının cəsədlərini yediklərini iddia edərək Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsinin qərarından sonra hökumət yanvarın 13-də xilasetmə əməliyyatlarına başlayıb.

MACUA-nın yanvarın 9-da verdiyi açıqlamada yerin altında 109 şaxtaçının cəsədinin aşkar edildiyi iddia edilib.

Polis noyabr ayında tərk edilmiş Stilfontein mədənindəki qeyri-qanuni şaxtaçılara su və qida təchizatını dayandırmışdı. Təslim olmaq istəməyən yüzlərlə şaxtaçı yerin altında ac və susuz qalmışdı.

Prezident Aparatının rəsmisi Xumbudzo Ntshavheninin qeyri-qanuni şaxtaçıların tüstü ilə mədəndən çıxarılacağına dair verdiyi bəyanat mübahisələrə səbəb olmuşdu.

Rəsmi məlumatlara görə, Stilfonteini 1806 qeyri-qanuni mədənçi tərk edib. Polis bu şəxslərin yalnız 21-nin Cənubi Afrika vətəndaşı olduğunu, digərlərinin isə demək olar ki, hamısının Mozambik vətəndaşı olduğunu bildirib. Səlahiyyətlilər şaxtaçıların öz imkanları ilə mədəndən çıxa bildiklərini də qeyd edib.

Cənubi Afrikada almaz, qızıl və platin kimi qiymətli minerallara malik olan mədənlərdə 10.000 ilə 30.000 arasında insanın qeyri-qanuni şəkildə işlədiyi düşünülür.

 

 



Seçilən
5
2
trt.net.tr

3Mənbələr