AZ

Qəzzada atəşkəs elanından sonra hücumlar intensivləşib

 

Atəşkəs elan edildikdən sonra İsrail döyüş təyyarələri Qəzza zolağının şimalına və Qəzza şəhərinə hava zərbələri endirib.

Musavat.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza şəhərində bəzi binaları bombalaması nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 nəfər ölüb, çox sayda yaralı var. Şahidlərin bildirdiyinə görə, İsrail döyüş təyyarələri Şeyx Rıdvan məhəlləsində bəzi binaları “mühasirəyə alaraq” silsilə hücumlar həyata keçirib.

Qəzza Mülki Müdafiə Müdirliyi də şəhərin qərbindəki hava hücumlarından sonra 5 cəsədin və 10 yaralının təxliyə edildiyini bildirib.

Məlumata görə, atəşkəs elan edildikdən sonra hücumlar intensivləşib. Atəşkəsdən sonra intensivləşən İsrail hava hücumlarından qaçan qadınlar və uşaqlar xəstəxanaya sığınırlar.

Mənbə İsrailin davam edən hücumlarında yaralanan 8 uşağın xəstəxanaya gəldiyini bildirib.

Xatırladaq ki, Qətər yanvarın 15-də İsrail və HƏMAS-ın Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Müqavilə bazar günü, yanvarın 19-da qüvvəyə minəcək. 3 fazalı atəşkəs razılaşmasının ilk 42 günündə 33 israilli məhbus azad ediləcək. Müqavilə Qəzza zolağına hərtərəfli humanitar yardım, eləcə də məcburi köçkün fələstinlilərin öz ərazilərinə qayıtmaq imkanlarını əhatə edir. İkinci və üçüncü mərhələlərin təfərrüatları birinci mərhələ başa çatdıqdan sonra elan ediləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
3
12
musavat.com

10Mənbələr