AZ

Əsas hədəf Qərbi Azərbaycana qayıdışdır - Məlahət İbrahimqızı

Yazını böyüt
Yazını kiçilt

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyana görüşmək üçün müraciət ünvanlayıb. Bu məsələ ilə bağlı İrəvandan səs çıxmır. Özünü demokrat adlandıran Paşinyan nədənsə, məhz erməni faşizm ideologiyasının qurbanı olmuş, öz dədə-baba torpaqlarından qovulmuş yüzminlərlə qərbi azərbaycanlının pozulmuş hüquqlarının bərpası istiqamətində addım atmağa, siyasi iradə nümayiş etdirməyə cəsarət etmir. Müsahibimiz millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Məlahət İbrahimqızıdır.

- Qərbi Azərbaycan İcması, bütövlükdə dövlətimiz soydaşlarımızın öz tarixi yurdlarına qayıdışı ilə bağlı hansı ideoloji xətt üzrə hərəkət edir? 

- İllərdir, işğallarla əzilmiş ruhumuz torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpasından sonra yenidən dirildi. Artıq 44 günlük zəfər savaşından sonra Qərbi Azərbaycanla bağlı ideoloji xətt uğurla həyata keçirilir.

Bu gün qayıdışla bağlı yol xəritəmiz Prezident İlham Əliyevin çıxışı ilə daha da aydınlandı, gücləndi. Bu qayıdış yolumuza işıq salır. Prezidentimizin televiziya kanallarına müsahibəsində qərbi azərbaycanlılarla bağlı fikirləri Azərbaycan cəmiyyətində, türk dünyasında oğuz yurduna qayıdışın öncədən müjdəsini vermiş oldu.

Düzdür, Ermənistan qapısını açıb soydaşlarımıza “Gəlin, öz yurdlarınızda yaşayın” demir. Qərbi Azərbaycan İcması və bütün xalqımız hazırda Ermənistanın sərhədləri daxilində qalan öz tarixi torpaqlarına, yurduna qayıdışla bağlı strateji xəttin ətrafında sıx birləşib.

Azərbaycan xalqı qayıdışa söykənən, öz haqqını qorumağa hədəflənən bir ideoloji xətt üzrə səfərbər olub. Qərbi Azərbaycan İcması artıq hədəfinə çatmaq üçün institutlaşmış qurum kimi fəaliyyət göstərir. 

Hazırda icmanın Almaniya, Türkiyə, Fransa, İngiltərə və bir çox türk dövlətlərində təmsilçisi var və koordinasiyalı şəkildə fəaliyyət göstərir, konsepsiyası, əsasnaməsi, fəaliyyət planı var. Məsələ tək qayıtmaq deyil. Bu, Qərbi Azərbaycanın maddi-mədəni irsinin, tarixinin öyrənilməsi, deportasiya, soyqırımlara məruz qoyulan, hüquqları  pozulan insanlarımızın haqqının  bərpa edilməsinə yönələn vahid strategiyadır. Yəni, Qərbi Azərbaycana qayıdış kompleks həllini gözləyən məsələdir.

- Məsələnin beynəlxalq gündəliyə salınması prosesini necə dəyərləndirərdiniz?

- Faşist Petrosyanın dediyi kimi, ermənilər zaman-zaman Azərbaycan xalqının mirasının oğurlanması siyasətini yürüdüblər. Ona görə də Qərbi Azərbaycan məsələsi dünya ictimaiyyətinə anladılmalı və bunun üçün də kompleks işlər görülməlidir. Prezident də hər dəfə çıxışında deyib ki, bir qarış torpaq belə güzəşt edilməyəcək. Erməni havadarlarını qıcıqlandırmadan, Azərbaycan xalqının, qərbi azərbaycanlıların dünya tarixi mirasının bir parçası olduğunu tutarlı faktlarla, sübutlarla təqdim etmək, təbliğ etmək lazımdır. Ali rəhbər bu məsələyə tarixi sübutları, faktları araşdırıb ortaya çıxarmaqla o torpaqlar üzərində haqqımızın bərpa edilməsi yolunun xəritəsini cızıb və alimlərimizə, tədqiqatçılara, bütün cəmiyyətimizə bu işdə səfərbər olmaq üçün tapşırıqlar verib.

Məlumdur ki, müvafiq qurumlar vaxtaşırı elmi konfranslar keçirir, tarixi, elmi nəşrlərin təqdimatını aparırlar. Təkcə ötən il ərzində icmanın rəhbər heyəti, alimlər, siyasətçilərdən ibarət nümayəndə heyəti xarici ölkələrdə bir sıra beynəlxalq təşkilatlarda iştirak ediblər. Ən vacib məqamlardan biri də Azərbaycanda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsidir. Bütün bu proses eyni zamanda millətin tarixi yaddaşını təzələyir, yeni nəslin formalaşmasına, bilgilənməsinə kömək edir. Bu, o cümlədən beynəlxalq aləmdə Qərbi Azərbaycan nədir, erməni vandallarının Qərbi Azərbacanda hansı cinayətləri törətməsinin təbliğatının daha inamla aparılmalı olduğunu bir daha bizə anladır.

Parlamentdə dinləmələrin keçirilməsi, Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs qrupunun yaradılması da bu ideologiyanın uğurla həyata keçirilməsinə bir işarədir. Biz hər bir işimizdə Ali Baş Komandanın dəstəyini hiss edirik.

Qərbi Azərbaycan məsələsində əsas məqsəd və hədəf tarixi dədə-baba torpaqlarımıza qayıtmaqdır. Azərbaycanın öz haqqını heç vaxt güzəştə getməyəcəyi dünyaya yaxşı bəllidir.  Məlumdur ki, bir çox təşkilatlarda Qərbi Azərbaycan məsələsinin gündəmdən çıxarılmasına israr ediblər. Amma Prezident bunun mümkün olmadığını və sonuncu azərbaycanlı öz vətəninə qayıdana qədər bu mücadiləni davam etdirəcəyini bəyan edib.

Məlumdur ki, Qərbi Azərbaycan icması iki il ərzində qayıdış proqramı ilə bağlı bir çox beynəlxql təşkilatlara müraciət göndərib. Artıq 1987-1992-ci il qaçqınları ilə bağlı məsələ bir çox beynəlxalq təşkilatların gündəliyinə salınıb. Artıq erməni faşist dövlətinin apardığı siyasət nəticəsində tarixin müəyyən dönəmlərində deportasiyalara, etnik təmizləməyə məruz qalan 300 min azərbaycanlının haqqının müdafiəsi ilə bağlı məsələ beynəlxalq təşkilatların gündəliyindədir. İslam Əməkdaşlıq Təşkilatı konfransda qərbi azərbaycanlılarla bağlı sənəd qəbul edib. Bu çox böyük üğurdur. BMT Qərbi Azərbaycan İcması tərəfindən göndərilən məktubu bütün qurumlara, üzv ölklərə göndərib.

- Azərbaycan qərbi azərbaycanlıların öz yurdlarına qayıda bilməsi üçün Ermənistan rəhbərliyindən beynəlxalq hüquqa uyğun mövqe sərgiləməyi tələb edir. Bu yöndə hansı addımlar atılır?

- 1987-1991-ci ildə öz torpaqlarından qovulandan sonra Qərbi Azərbaycanda 300-ə yaxın kənd, 24 rayon boş qalıb. Prezident çıxışlarında Paşinyana qərbi azərbaycanlıların qayıdışı yollarını anladıb və bunun hüquqi, tarixi əsaslarını deyib. Ermənistan faşizmi Qarabağda da dağıntılar törətdilər, insanlarımıza, təbiətə, tariximizə qarşı soyqırım həyata keçirdilər. Bu gün işğaldan azad olunan ərazilərimizdə ciddi bərpa quruculuq işləri gedir. Keçmiş məcburi köçkünlər kəndlər, şəhərlər bərpa olunduqca öz evlərinə dönürlər. Əminəm ki, qərbi azərbaycanlılar öz yurduna qayıdandan sonra Azərbaycan hökuməti orada da abadlıq işlərinə dəstək verəcək. Bu, həm də Ermənistanın özünə bir dəstəkdir. Əslində, Ermənistan hökuməti Prezidentimizin əlindən möhkəm tutmaldır. Qərbi azərbaycanlıların geri qayıdışı Ermənistan iqtisadiyyatına da böyük töhfə verə bilər.

Azərbaycan hökuməti bir sıra imkanı məhdud olan ölkələrə maddi yardım göstərir. Qoşulmama Hərəkatında ada-dövlətlərinə maddi-mənəvi dəstək verir. Ona görə də dövlətimiz ermənilərin viran qoyduğu o kəndlərin, şəhərlərin də abadlaşması üçün Qərbi Azərbaycana dəstək verəcək. Əminəm ki, Prezident bu gün Qərbi Azərbaycana qayıdışdan sonra görüləcək bərpa işlərini də planlaşdırmışdır.

- Xəbər verildiyi kimi, Qərbi Azərbaycan İcmasının nümayəndələri Ermənistanın baş naziri ilə görüşmək üçün qarşı tərəfə müraciət ünvanlayıb. Ermənistan tərəfi azərbayacanlıları qəbul etməyə, eşitməyə, onların haqlarını bərpa etməyə nə dərəcədə hazır görünür?

- Prezident yerli televiziya kanallarına verdiyi son müsahibəsində çox haqlı olaraq dedi ki, Paşinyan özünü amerika ruhlu bir demokrat adlandırır. Düzdür, buna inanmaq mümkün deyil, amma Paşinyan imitasiya edirsə özü bilər.  Prezident bildirdi ki, əgər sən demokratik hökumət başçısısansa, onda qərbi azərbaycanlılar tərəfindən sənə ünvanlanmış müraciətlərə cavab verməlisən.

Paşinyan ən qısa müddətdə Qərbi Azərbaycan icmasının rəhbər heyətini qəbul edib, nə istədiklərini soruşmalıdır.

- ATƏT, Avropa Komissiyası qərbi azərbaycanlıların öz yurduna qayıdışı ilə bağlı hansı mövqeni ortaya qoyur?

- ATƏT kimi ölmüş qurum, yaxud digər ikilistandatla işləyən qurumlar üzərlərindəki bu mənfi imici götürmək istəyirlərsə, qərbi azərbaycanlıların öz yurdlarına qayıdış məsələsini həll etməlidirlər. Yaxud, Azərbaycan hökumətinin problemin həlli ilə bağlı fəaliyyətinin qarşısını almağa cəhd göstərməməlidirlər.

ATƏT, Avropa Komissiyası, UNESCO və digər təşkilatlar Qarabağ işğal altında olan zaman da Azərbaycanın ermənilər tərəfindən dağıdılan tarixi, mədəni irsi ilə bağlı səsini çıxartmadı, haqqı görməzdən gəldilər. Əksinə, Ermənistanı dəstəkləyən yersiz çıxışlar edib, ölkəmizə qarşı qərəzli, ədalətsiz qərarlar qəbul edib bölgədə vəziyyəti gərginləşdirməyə çalışdılar. Tarixin müəyyən dövrlərində 4 dəfə öz tarixi yurdundan deportasiya edilmiş qərbi azərbaycanlılar da böyük inamla geri qayıdacaqlarını, pozulmuş hüquqlarının bərpa olunacağını gözləyirlər. Amma nə Qərbi, nə də Avropanın müəyyən dairələrini, beynəlxalq təşkilatları qərbi azərbaycanlıların öz yurduna qayıtmaq istəyi narahat etmir. Onları narahat edən məsələ dövlət başçımızın da dediyi kimi, qərbi azərbaycanlılar öz yurduna geri qayıdana qədər mübarizədən əl çəkməyəcəyimizlə bağlı qəti mövqeyimizdir.

Seçilən
11
hafta.az

1Mənbələr