Yanvarın 16-da Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağstafa rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.