Qazaxıstanda “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında aviaqəzaya uğraması ilə bağlı təsdiq olunmamış versiyaları şərh etməkdən imtina ediblər.
Trend Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, hadisənin səbəbləri ilə bağlı araşdırma hələlik yekunlaşmayıb.
“Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin aviahadisənin araşdırılması üzrə komissiyası baş verən hadisənin səbəblərinin müəyyən edilməsi istiqamətində işləri davam etdirir. İlkin hesabat dərc olunana qədər Komissiya internetdə dolanan, hər hansı rəsmi mənbəyə istinadı olmayan məlumatları şərh etməyəcək”, - deyə qurumdan bildiriblər.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus Bakı-Qroznıy marşrutu ilə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktau aeroportundan 3 kilometr aralıda qəzaya uğrayıb. Həmin vaxt təyyarənin göyərtəsində 67 nəfər olub (67 sərnişin və 5 ekipaj üzvü).
Bundan əvvəl Qazaxıstanın Nəqliyyat Nazirliyi, AZAL təyyarəsinin aviaqəza səbəblərini araşdıran komissiya üzvlərinin təyyarənin “qara qutularının” deşifrə olunmuş materialları ilə Astanaya gəldiyini bəyan etmişdi.
Qeyd edək ki, təyyarənin uçuş registratorlarının deşifrəsini Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Araşdırılması və Təhlili Mərkəzi həyata keçirib.