AZ

Ərdoğan Akşeneri komandasına gətirir? - Dəyişiklik olarsa, böyük ehtimalla...

Bir neçə gündür ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş müxalifət lideri, İYİ partiyanın keçmiş sədri Meral Akşeneri köməkçisi təyin edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Məlumata görə, prezident köməkçisi vəzifələrinin sayının ikiyə yüksəldilməsi planlaşdırılır və bu vəzifələrdən biri Akşenerə həvalə ediləcək. Onun təyinatının artıq dəqiqləşdirildiyi iddia olunub. Bu məlumat isə Türkiyə cəmiyyətində geniş müzakirələrə səbəb olub və belə bir addımın atılmasına münasibət birmənalı olmayıb.

Maraqlıdır ki, Ərdoğanın Akşeneri öz komandasına əlavə etməsinin səbəbləri nə ola bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, strateji əhəmiyyətə malik olmayan qurumların nazirləri və iqtisadiyyat naziri Mehmet Şimşəyin istefaya göndərilməsi mümkündür:

"Qarşıdakı aylarda Türkiyə Nazirlər Kabinetində dəyişiklik olacağı da iddia olunur. Ən azı 6 nazirin vəzifəsindən azad ediləcəyi bildirilsə də, hələlik rəsmi təsdiqini tapmayıb. Lakin Nazirlər Kabinetində sözügedən dəyişikliklərin edilməsi istisna deyil. Dəyişiklik olarsa, böyük ehtimalla xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və daxili işlər naziri Əli Yerliqaya öz vəzifəsində qalacaq".

Akşenerin Ərdoğan tərəfindən vəzifəyə gətirilməsinə toxunan Novruzov hesab edir ki, Türkiyə prezidenti bu addımla öz komandasını gücləndirməyə çalışa bilər. Bu baxımdan Akşenerin Ərdoğanın komandasında olması istisna deyil.

Kənan Novruzov: Ərdoğan bu addımla konstruktiv müxalifətin xalını qazana bilər

"Akşener Türkiyə siyasətində böyük rol oynayan bir xanımdır və siyasəti çox yaxşı bilir. Onun Ərdoğanın komandasında olması Türkiyə prezidentinin əlini gücləndirə bilər. Birincisi, Akşenerin siyasi təcrübəsi effektiv nəticələrə səbəb ola bilər. İkincisi, Akşenerin müxalifətdən gələrək iqtidarda təmsil olunması və birbaşa Ərdoğanın köməkçisi vəzifəsində olması demokratiyanın təzahürü kimi qiymətləndiriləcək. Üçüncüsü, hökumətlərdə qadın təmsilçilərin sayı həmişə az olub. Akşenerin belə bir vəzifəyə gətirilməsi də demokratiyanın təzahürü hesab oluna bilər. Dördüncüsü isə Ərdoğan bu addımla daxildəki konstruktiv müxalifətin xalını qazana bilər", - deyə siyasi şərhçi vurğulayıb.

Qeyd edək ki, hazırda Ərdoğanın köməkçisi ölkənin vitse-prezidenti Cevdet Yılmazdır.

Gülşən Şərif

Seçilən
1
bakivaxti.az

1Mənbələr