AZ

ABŞ-Ermənistan sazişi: Rusiya-İran cütlüyünün buna reaksiyası necə olacaq?- ŞƏRH

“Ermənistanla ABŞ arasında imzalanan sənəd region üçün heç də xoş gələcək vəd etmir. Hesab edirəm ki, bu sənədin imzalanması ilə ABŞ faktiki olaraq Cənubi Qafqazdakı proseslərə kobud müdaxilə etdi və Ermənistan üzərindən regiona yerləşmək üçün əsaslar əldə etdi”.

Bunu Editor.az-a politoloq Oqtay Qasımov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında saziş barədə fikirlərini bölüşərkən deyib.

Politoloq bildirib ki, saziş regionda sülhə və sabitliyə xidmət etməyəcək:

“Ən azı sənəddə delimitasiya və demakrasiya prosesinin Almatı Bəyannaməsi üzrə aparılması ilə bağlı bənd onu göstərir ki, daha çox Ermənistanın normativləri önə çıxarılıb. Zamanında Almatı Bəyannaməsini düzəlişlərlə qəbul edən Ermənistan indi bu bəyannamədən yapışmaq məcburiyyətində qalıb. Həmçinin həmin sənəddə kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı yanaşmalara diqqət etdikdə görünən odur ki, yenə Ermənistanın maraqları önə çıxarılmaqdadır. Faktiki olaraq bu yanaşma 2020-ci il üçtərəfli bəyanatın 9-cu maddəsi ilə tamamilə ziddir. Bundan əlavə həmin sənəddə Qarabağdan könüllü getmiş insanlarla bağlı müddəa bir daha onu göstərir ki, Bayden administrasiya 4 ildən bəri Azərbaycana qarşı istifadə etdiyi təzyiq mexanizmlərindən əl çəkməyib və faktiki olaraq “Qarabağdan yerini dəyişmiş” olaraq insanların təsvir olunması əslində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə şübhə yeri qoymaqdadır. Yəni, Amerika sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də əslində əməli praktiki olaraq bunun əleyhinə fəaliyyət göstərir. Bu sənəddə təhlükəsizlik, müdafiə, o cümlədən sərhədlə bağlı qeyd olunan məsələlər Azərbaycan üçün maraqlıdır”.

O. Qasımovun sözlərinə görə, ABŞ hərtərəfli şəkildə Ermənistanı dəstəkləyir, onu Marşal proqramı əsasında yenidən qurmağa çalışır:

“Bu da Ermənistan cəmiyyətində Azərbaycana, o cümlədən qonşularına qarşı ərazi iddialarını davam etdirməsinə stimul verir. Davamlı olaraq ləyaqətli sülhdən danışan Amerika əməldə sadəcə olaraq savaşdan məğlub çıxmış aqressor, işğalçı Ermənistanı müdafiə edir. Əslində həmin sənəddə Azərbaycanın da tələb etdiyi kimi ədalətli sülhdən söhbət getməlidir. Əgər ədalətli sülhdən söhbət gedərsə, o zaman Ermənistan Azərbaycan ərazilərində törətdiyi cinayətlərə görə rəsmi şəkildə üzr istəməli, təzminat ödəməli, vaxtilə Qərbi Azərbaycandan deportasiya edilmiş insanların geri qayıtmasını təmin etməlidir. Ancaq imzalanan sənəddə görünən odur ki, rəsmi Vaşinqton Ermənistana dəstək verməklə Cənubi Qafqazda sabitliyi təmin etmək niyyətində deyil”.

Politoloq sənəddə Rusiya və İranın maraqlarına toxunan məqamları da şərh edib:

“Hesab edirəm ki, Rusiyanın, o cümlədən İranın hazırda bu sazişlə bağlı ciddi addımlar atacağı gözlənilmir. İran üzdə nə qədər anti-qərb mövqedə görünsə də arxa planda əslində onunla işbirliyi aparır. Son bir neçə gün öncə İran prezidentinin də Qərb mətbuatına verdiyi müsahibədən aydın şəkildə görünür ki, İran qərblə, xüsusilə ABŞ-ın yeni administrasiyası ilə münasibətləri düzəltməyə çalışır. Nəzərə alsaq ki, İranın qərbdə geniş lobbisi var və tarixən Qərbin əlində regionda təsir mexanizmi olub, bu baxımdan rəsmi Tehranın bu məsələyə kəskin reaksiya verəcəyini düşünmürəm.

Sənəd nə qədər maraqlarına zidd olsa da Ukrayna savaşından dolayı kifayət qədər gücünü itirmiş və beynəlxalq nüfuzuna xələl gəlmiş Rusiya Ermənistanda hansısa ciddi addım atmaq imkanında deyil. Kremlin Paşinyan hakimiyyətinə edəcəyi təzyiq mexanizmləri də artıq kifayət qədər məhduddur. Xüsusilə də enerji sektorunda Ermənistana ediləcək təzyiqlərin qarşısını almaq üçün arxa planda ABŞ ilə İran müəyyən qədər razılaşa bilərlər. Rusiyanın ehtimal olunan qaz kəsintilərinin kompensasiya edilməsi üçün İran öz ərazilərindən Ermənistana ötürülən qazın həcmini artıra bilər”.

ABŞ hərbiçilərinin Ermənistana gəlməsi, o cümlədən sərhəddə yerləşməsinə İranın ciddi reaksiya verəcəyi gözlənilmir. İranın Ermənistanda yerləşmiş Avropa İttifaqının mülki adlandırılan cəsuslardan ibarət missiyasına hansı reaksiyanı vermişdisə, avqust ayında iki təyyarə Amerikan hərbi ləvazimatlarının, silah-sursatlarının Ermənistana gəlməsi Zəngəzurda yerləşməsinə necə reaksiya vermişdisə də eyni sükut reaksiyası davam edəcək”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
1
editor.az

1Mənbələr