AZ

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldılar

Bakıda tikinti avadanlıqları materiallarının satışını həyata keçirən "Brend Plas" Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) külli miqdarda oğurluq edilib.

hakimiyyet.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, aparılan araşdırma zamanı hadisənin "Brend Plas" MMC direktoru Müzəffər Cəfərovun bacısı oğlanları tərəfindən törədilməsi məlum olub.

Şirkətin əsas fəaliyyəti tikinti avadanlıqları materiallarının satışını həyata keçirmək olub. Sahibkar malları əsasən ölkə daxilində fəaliyyət göstərən şirkətlərdən, həmçinin Türkiyə və Gürcüstandakı şirkətlərdən alaraq, təsis etdiyi müəssisəyə gətirməklə satışını həyata keçirib. "Azərbaycan Dəmir Yolları" QSC vasitəsi ilə gətirilən yüklər şirkətin 400 kvadratmetr olan anbarında və yerdə qalan mallar isə aylıq 1008 manat ödəniş edilməklə QSC-nin anbarında saxlanılıb.

Sahibkar Müzəffər Cəfərov aylıq 700 manat maaş qarşılığında 2005-ci ildə İmişli şəhərində doğulmuş bacısı oğlu Rəvanı fəhlə kimi işə götürüb. Rəvan da dayısı ilə münasibətlərindən istifadə edərək "Azərbaycan Dəmir Yolları"nda yerləşən anbardan oğurluq edib. Rəvan oğurluğu 1997-ci il təvəllüdlü İmişli rayon sakini, xalası oğlu (Müzəffər Cəfərovun digər bacısının oğlu - red.) Elsevər adlı şəxslə birlikdə törədib. Onlar QSC mühafizəçiləri Bəşir və Rəhman adlı şəxslərə darvazanı açdıraraq, oğurluq hadisəsini həyata keçiriblər.

Hadisədən xəbər tutan sahibkar şirkətdə 2020-2023-cü illəri əhatə edən təftiş yoxlaması aparıb. Nəticədə müəyyən edilib ki, həmin illər üzrə şirkətə məxsus 348 119 manat dəyərində mal çatışmır. Hadisəyə görə Müzəffər Cəfərovun bacısı oğlanları həbs olunsa da, sahibkar məhkəmədə onlardan şikayətçi olmadığını deyib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Rəvana 1 il 11 ay 26 gün, Elsevərə 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sahibkarın hər iki bacısı oğlu cəza çəkdikləri müddətdə elektron qolbaq daşıyacaq.

Seçilən
1
18
hakimiyyet.az

10Mənbələr