AZ

Starmerin Ukrayna səfərində yatan gizli motivlər: Britaniyanın mövqeyi...

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynanın paytaxtına elan olunmamış səfər edib.

Britaniya hökuməti bildirib ki, Kir Starmer və Ukrayna prezidenti Volodimir Zelenski müdafiə, elm, energetika və ticarət kimi sahələri əhatə edən "100 illik tərəfdaşlıq" müqaviləsi imzalayacaqlar.

Bəs bu görüşün motivləri arasında daha hansı gizli məqamlar var?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımovun sözlərinə görə, Kir Starmerin səfərinin altında bir çox mühüm məqamlar yatır:

"Əsas olaraq diqqəti imzalanacaq sazişə yönəltmək lazımdır. Elm, təhsil, ticarət sahəsində müxtəlif danışıqların aparılacağı məlum olan nüanslar sırasındadır. Digər tərəfdən birgə müdafiə və pilotsuz uçuş aparatları ilə bağlı müqavilələrin də imzalancağı gözlənilir. Bu, hər iki ölkənin təhlükəsizlik sahəsində birgə səylərini artırmaq məqsədinə xidmət edir. Baş nazirin bu səfəri həm Ukraynanın davam edən münaqişə şəraitində mövqeyini dəstəkləmək, həm də iki ölkə arasında uzunmüddətli strateji əməkdaşlığı möhkəmləndirmək üçün mühüm addımdır".

Onun sözlərinə görə, səfərin plansız şəkildə baş tutması xüsusi diqqət çəkən faktordur:

"Kir Starmerin Ukraynaya ilk səfərinin zamanlaması bir çox məqamda düşündürücü və strateji əhəmiyyət daşıyır. Ukraynanın münaqişə şəraitində olduğu bir dövrdə Böyük Britaniyanın Baş nazirinin belə bir addım atması yalnız diplomatik deyil, həm də siyasi baxımdan ciddi mesajlar ötürür. Son zamanlar ABŞ-dən Ukrayna məsələsi ilə bağlı gələn qarışıq siqnallar və qeyri-müəyyən mövqelər diqqət çəkir. Birləşmiş Ştatların Dövlət katibi olmağa namizəd şəxsin açıqlamaları və yeni prezident Donald Trampın çıxışları bu mövzuda müxtəlif fikirlərin ortaya çıxdığını göstərir. ABŞ rəhbərliyinin Ukraynaya dəstək mövqeyində müəyyən tərəddüdlər müşahidə olunur. Bu, transatlantik münasibətlərdə yeni bir dinamikanın formalaşmasına və Böyük Britaniyanın bu boşluğu doldurmaq üçün daha aktiv bir mövqe tutmasına şərait yaradır".

Son olaraq politoloq bildirib ki, Kir Starmerin bu səfəri Böyük Britaniyanın Ukrayna ilə həmrəy olduğunu açıq şəkildə nümayiş etdirir:

"Bu, yalnız siyasi jest deyil, həm də Ukrayna xalqına verilən mənəvi və praktiki dəstək mesajıdır. Böyük Britaniya bu hərəkətlə müttəfiqlərinə və beynəlxalq ictimaiyyətə Ukraynanın təhlükəsizliyinin və suverenliyinin müdafiəsində qətiyyətli olduğunu göstərir. Eyni zamanda bu səfər Kiyevin Qərblə əlaqələrini daha da gücləndirmək, Ukraynaya qarşı potensial riskləri azaltmaq və ölkənin strateji əhəmiyyətini bir daha vurğulamaq məqsədi daşıyır. Starmerin Ukraynaya səfəri yalnız Böyük Britaniyanın xarici siyasətində deyil, həm də Avropa və Atlantik bölgələrindəki güc balansında mühüm addım kimi qiymətləndirilir. Bu, Böyük Britaniyanın öz müstəqil xarici siyasət prioritetlərini gücləndirmək istədiyinin bir göstəricisidir".

Əli Hüseynov

Seçilən
3
bakivaxti.az

1Mənbələr