AZ

Britaniya və Ukrayna 100 illik tərəfdaşlıqla bağlı razılaşma imzalayacaq

London, 16 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Kiyevə səfər edib.

AZƏRTAC xəbər verir ki, o, Ukrayna ilə tarixi 100 illik tərəfdaşlıq adlandırılan razılaşmanı imzalayacaq. Bu saziş Ukraynaya daha əvvəl vəd edilmiş iqtisadi və hərbi dəstəyi rəsmiləşdirir və əlavə dəstək təklif edir. Bu səfər Kir Starmerin ötən ilin yayında Baş nazir vəzifəsini qəbul etdikdən sonra Ukraynaya ilk səfəridir.

Baş nazir dəmir yolu stansiyasında Böyük Britaniyanın Ukraynadakı səfiri Martin Harris və Londondakı Ukrayna səfiri Valerii Zalujnyi tərəfindən qarşılanıb. Səfərin əsas məqamı elm və mədəniyyət də daxil olmaqla, təhlükəsizliyə xüsusi diqqət yetirilən 100 illik tərəfdaşlıq razılaşmasının imzalanması olacaq. Kir Starmer bu səfərin yalnız indiki dövrə aid deyil, həm də qarşıdakı əsrdə iki ölkəyə edilən bir investisiya olduğunu qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dakı yeni administrasiyanın Ukraynanı Rusiya ilə sülhə məcbur edə biləcəyindən narahat olaraq, Böyük Britaniya kimi əsas müttəfiqlər ilə möhkəm təhlükəsizlik zəmanətlərini müzakirə etməyə can atır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
4
1
azertag.az

2Mənbələr