Ermənistanın Rusiya televiziyasındakı jurnalist bəyanatlarına reaksiyası çaşqınlıq yaradır. Moskvanın rəsmi mövqeyi isə İrəvana məlumdur.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Rusiyanın Ermənistandakı səfirinin “Vesti Nedeli” proqramında səslənən fikirlərə görə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılmasını şərh edərkən deyib. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, yanvarın 12-də yayımlanan verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə hazırlanmış süjetlər yer alıb.
“Biz həmişə İrəvandan eşitmişik ki, Ermənistan söz azadlığına sadiqdir və daha çox Ermənistanın indiki rəhbərliyi bunu imperativ edib. Bizim rəsmi reaksiyamız kiminsə nöqteyi-nəzəri deyil. Dövlətin rəsmi mövqeyi İrəvana yaxşı məlumdur”, - Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Moskva ardıcıl olaraq 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli sazişlər əsasında Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin hərtərəfli blokdan çıxarılmasından danışır: “Söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli bəyanatından gedir. Orada qeyd olunur ki, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılacaq. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin sərhəd xidməti orqanları həyata keçirir və tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin ediləcək”.
Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətinin əsasında məhz bu məntiq dayanır. Qrup daxilində mühüm praktik nəticələr əldə etmək və Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasına və təşkilinə yaxınlaşmaq mümkün olub.
O xatırladıb ki, üçtərəfli işçi qrupu heç vaxt Ermənistanda hər hansı ekstraterritorial dəhliz yaradılmasını müzakirə etməyib. Əksinə, razılaşdırılıb ki, ölkələrin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyi və yurisdiksiyası var: “Təəssüf ki, qərblilərin dağıdıcı təsiri və erməni tərəfinin qərarı ilə işçi qrupunun fəaliyyəti dayanıb”.
“AzPolitika.info”