AZ

“Niyə Bakının fikri nəzərə alınmır?" - Zaxarovadan İrəvana SUAL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasından danışıb.

Modern.az xəbər verir ki, M.Zaxarova həftəlik brifinqdə Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilən müşahidə missiyasının fəaliyyətinin uzadılması təklifinə münasibət bildirib.

“Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri göz qabağındadır. Üstəlik, NATO ölkələri də ona qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə edilən geosiyasi layihədir. Onun məqsədləri bizim tərəfimizdən yaxşı başa düşülür: vəziyyətin sabitliyini pozmaq və ondan Cənubi Qafqaz regionunun xalqlarına qarşı istifadə etmək”, - XİN rəsmisi vurğulayıb.

Zaxarova qeyd edib ki, Aİ-nin müşahidə missiyasından hərbi-siyasi sabitliyin pozulmasından və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz.

“Aİ missiyası Cənubi Qafqaz üçün xarici qurumdur və regionun üzləşdiyi bütün aktual problemlər kənar müdaxilə olmadan kollektiv səylərlə həll edilməlidir”, - Zaxarova bildirib.

Rusiyalı diplomat Aİ missiyasının yerləşdirilməsi haqda qərarın Azərbaycanla razılaşdırılmadan qəbul edildiyini vurğulayıb: “Niyə kənar müşahidəçi olmayan və xüsusi maraqları olan regional oyunçunun fikri nəzərə alınmır?".

Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Aİ Ermənistandan təsir yaymaq vasitəsi kimi istifadə edir və müşahidə missiyasının himayəsi altında regionda casusluq fəaliyyəti həyata keçirir.

Seçilən
1
modern.az

1Mənbələr