Ötən dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
APA xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilmişdir.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manat məbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, o cümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunmuşdur.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.