VTC əsasında əməyin ödənilməsi sosial layihədirsə, onun icrasında da sosial ədalət prinsipi mütləq gözlənilməlidir
Adətən ölkədə minimum əmək haqqı artırılanda mütləq Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini dəyişdirərək, onun pillələri arasındakı proporsiyanı tənzimləyir.
Artıq prezidentin sərəncamı ilə minimum əmək haqqı 345 manatdan 400 manata çatdırıldığından, bu tənzimləməyə ehtiyac yarandı. Çünki VTC-nin 19 pilləsi var, minimum əmək haqqına edilən dəyişiklik onu köhnə VTC-də dördüncü pilləyə yüksəldir. Amma qanunauyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə VTC elə tənzimlənir ki, yenə minimum əmək haqqı öz statusuna uyğun olaraq birinci pillədə qərar tutur.
Bununla bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb ki, son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib: “1-ci pillə üzrə maaşlar 345 manatdan 400 manata, 2-ci üzrə 359 manatdan 416 manata, 3-cü üzrə 371 manatdan 433 manata, 4-cü üzrə 389 manatdan 450 manata, 5-cü üzrə 406 manatdan 470 manata, 6-cı üzrə 422 manatdan 490 manata, 7-cü üzrə 441 manatdan 510 manata, 8-cü üzrə 458 manatdan 530 manata, 9-cü üzrə 478 manatdan 550 manata, 10-cü üzrə 497 manatdan 575 manata, 11-cü üzrə 518 manatdan 600 manata, 12-cü üzrə 538 manatdan 625 manata, 13-cü üzrə 560 manatdan 650 manata, 14-cü üzrə 584 manatdan 675 manata, 15-cü üzrə 607 manatdan 700 manata, 16-cı üzrə 632 manatdan 730 manata, 17-cü üzrə 694 manatadan 760 manata, 18-cü üzrə 833 manatdan 870 manata və nəhayət sonuncu pillə üzrə 1125 manatdan 1150 manatadək artırılıb”.
“Göründüyü kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın maaşları orta hesabla 15 faiz artırılıb. Aşağı pillələrdə daha yüksək əməkhaqqı artımlarının həyata keçirilməsi VTC-də pillələrarası maaş fərqlərini də xeyli dərəcədə azaldıb.
Yeni qərarla 400 mindən artıq vətəndaşımızın maaşları artırıldı. Qeyd edək ki, minimum əməkhaqqının artırılması ilə bağlı olaraq, mövcud qanunvericiliyə əsasən, Nazirlər Kabineti də həmin vətəndaşlarımızın əməkhaqlarının artırılması ilə bağlı qərar verir. Bu artımlar da yanvarın 1-dən hesablanacaq. Yəni həmin vətəndaşlarımız artıq yanvar ayının maaşını artırılmış məbləğlə alacaqlar”, - deyə V.Bayramov qeyd edib.
VTC-də əsas diqqət çəkən məqamlardan biri budur ki, dövlət büdcəsindən əmək haqqı alan vətəndaşlarımızın maaşlarının birinci və sonuncu pillələri arasında çox ciddi fərq var. Məsələn, minimum əmək haqqı, yəni birinci pillədə maaşın məbləği 400 manat, 19-cu pillədə isə 1150 manat nəzərdə tutulur. Yəni birinci və axrınci pillə arasindakı fərq az qala 3 dəfəyə çatır. Bu, sözsüz ki, sosial ədalət prinsipinin pozulması kimi xarakterizə edilə bilər. Fikrimizcə, VTC-nin birinci və sonuncu dərəcələri arasındakı fərq maksimum 100 faiz ola bilər. Təhsilli və stajlı işçilərin əmək haqqı artıq başqa bir kateqoriya ilə fərqləndirilə bilər. Məsələn, bakalavrların əmək haqqına 20%, magistrların maasına 40%, elmi dərəcəsi olanların maaşına isə daha çox əlavələr edilə bilər.
Digər tərəfdən, yuxarıda qeyd edilən tənzimləmədən sonra VTC-nin əmək haqqı pillələrinidə maaş artımı faizləri mütləq sabit olmalıdı. İndiki artım faizlərinə diqqət etsək görərik ki, birinci pillədə əmək haqqı 16,94%, axırıncı pillədə isə 2,22% artırılıb. Bu vətəndaşların hamısı bir ölkədə yaşayırsa, eyni dövlətə xidmət edib, onun büdcəsindən əmək haqqi alırsa, nəyə görə birinin əmək haqqı 16%, digərininki isə 2% artmalıdır? Axı artan qiymətlər və yüksələn inflyasiyadan hamının aldığı əmək haqqı eyni dərəcədə təsirlənir
Üstəlik, Azərbaycanda dövlət büdcəsindən verilən əmək haqqı da dövlət tərəfindən sosial layihə kimi qiymətləndirilir. Ona görə VTC əsasında əməyin ödənilməsi sosial layihədirsə, onun icrasında da sosial ədalət prinsipi mütləq gözlənilməlidir.
Akif NƏSİRLİ