Rusiyada qalmaq müddət başa çatan azərbaycanlılar ölkəyə qayıda bilmirlər.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial mediada Rusiyaya işçi miqrant kimi gedən Teymur Abdullayev bildirib.
Onun sözlərinə görə, özü və daha 6 nəfər deportasiya olunsalar da, Vətənə dönə bilmirlər:
“Rusiya gömrüyünə getdik, onlar buraxdılar. Azərbaycan gömrüyündən isə quru sərhədləri bağlı olduğu üçün bizi geri qaytardılar. Hal-hazırda Mahaçqalada polis bölməsindəyik”.
T.Abdullayev onu da qeyd edib ki, 20-yə yaxın digər miqrant da məcburi saxlama yerlərindədir:
“Onlar hələ içəridədir, bizi mərhələ-mərhələ sərhədə göndərirlər”.
Şikayətçinin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları, ölkədə qalmaları üçün onlara qəbuledilməz şərt təklif edib:
“Bizə şərt qoyurlar ki, əgər Azərbaycan qəbul etmirsə, müqaviləyə qol çəkin, gedin 6 ay Ukrayna ilə vuruşun. Əgər ölsəniz, kart açıb hər ay ailə-uşaqlarınıza pul göndərəcəyik. Ölməyib qayıtsanız, avtomatik vətəndaşlıq verəcəyik. Döyüşdüyümüz müddətdə bizə 4 milyon rus pulu təklif edirlər. Hətta tərcüməçi olmasaydı, bizə artıq müqaviləyə qol çəkdirirdilər”.
T.Abdullayev qeyd edib ki, hazırda onlara bölmənin həyətində suvaq işi gördürürlər: “Uçuq binalar var, onları təmir edirik. Azərbaycan qəbul edənə kimi burdayıq”.