Milli dəyərlər bir xalqın varlığını, kimliyini və milli mənsubiyyətini ifadə edən ən vacib ünsürlərdir. Bu dəyərlərin arasında dil, milli adət-ənənələr, mətbəx, folklor, musiqi və əlbəttə ki, milli oyunlar mühüm yer tutur. Azərbaycan xalqının zəngin mədəni irsində milli oyunlar özünəməxsus yerə malikdir. Lakin təəssüf ki, müasir dövrdə bu dəyərlərin bir çoxu, o cümlədən milli oyunlarımız, unudulmaq təhlükəsi ilə üz-üzədir.
Milli oyunlar yalnız əylənmək üçün deyil, həm də xalqın mədəniyyətini, məişətini, dünya görüşünü və tarixi yaddaşını əks etdirən bir xəzinədir. Bu oyunlar xalqın intellektual, fiziki və mənəvi inkişafına təsir göstərmiş, nəsildən-nəsilə ötürülmüşdür. Azərbaycanın milli oyunları Azərbaycan Türkləri və ölkəmizdə yaşayan digər etnik qrupların– talışların, ləzgilərin, tatların və digər xalqların ortaq mədəniyyət nümunəsidir. Bu, bizim mədəni müxtəlifliyimizin və birliyimizin təzahürüdür.
Milli oyunlarımızın təsnifatına gəldikdə, onlar əsasən intellektual, əyləncəli, idman xarakterli, dini ayinlərlə bağlı, həmçinin söz və hərəkət oyunlarına bölünür. Yaşa və cinsiyyətə görə də fərqlənən bu oyunlar arasında "Çövkan", "Dirədöymə", "Cıdır", "Motal-motal", "Əl üstə kimin əli", "Bənövşə bənövşə" kimi adları qeyd edə bilərik. Bu oyunlar keçmişdə uşaqların və gənclərin fiziki sağlamlığı, çevikliyi və mübarizlik ruhu ilə yetişməsinə böyük töhfə vermişdir. Döyüş tipli oyunlar isə xalqımızın hərbi hazırlıq prosesində mühüm rol oynamışdır.
Müasir dövrdə texnologiyanın təsiri ilə milli oyunlarımız diqqətdən kənarda qalmaqdadır. Azyaşlılar və gənclər daha çox telefon, kompüter oyunlarına meyil edir, nəticədə həm fiziki, həm də zehni inkişaflarından geri qalırlar. Bu, təkcə milli oyunların unudulması deyil, həm də yeni nəslin sağlamlığında problemlər yaradır. Virtual aləmə həddindən artıq bağlılıq uşaqlarda sosial inteqrasiyanı çətinləşdirir, psixoloji problemlərə və aqressivliyə səbəb olur.
Bu səbəbdən milli oyunlarımızın qorunması və inkişaf etdirilməsi məsələsində hər kəsin üzərinə mühüm vəzifə düşür. Müsbət haldır ki, 1990-cı ildə ölkəmizdə Milli İdman Növləri Assosiasiyası yaradılmışdır. Assosiasiyamilli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləşi kimi milli idman növləri daxildir.
Təəssüf ki, assosiasiyanın fəaliyyəti cəmiyyətə təsir və kütləvilik baxımından kifayət qədər nəzərə çarpmır.
Hesab edirəm ki, milli oyunlarımızın qorunması, təbliği və gələcək nəsillərə çatdırılması üçün həm fərdi, həm də dövlət səviyyəsində ciddi addımlar atılmalıdır. Məsələn, bunun üçün orta məktəblərdə milli oyun komandalarının yaradılması və məktəblərarası yarışların keçirilməsi gənclər arasında bu oyunlara marağı artırar. Uşaqlar üçün milli oyunları əks etdirən cizgi filmlərinin çəkilməsi, uşaq ədəbiyyatında və oyuncaqlarında milli oyunların tanıdılması onların marağını oyada bilər. Milli oyunların tarixini və mahiyyətini əks etdirən xüsusi muzeylərin yaradılması bu dəyərlərin unudulmasının qarşısını ala bilər.
Bundan əlavə, milli oyunlarımızın tam siyahısının hazırlanaraq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi vacibdir.
Düzdür bəzi oyunlarımız UNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilsə də, amma tamamını əhatə etmir. Valideynlər uşaqlarını telefon və digər texnoloji vasitələrdən uzaq tutaraq, milli oyunlara yönləndirməlidir. Bu, həm onların fiziki inkişafına, həm də milli şüurun formalaşmasına töhfə verər.
Milli oyunlarımız yalnız əyləncə vasitəsi deyil, eyni zamanda tariximizi, mədəniyyətimizi və milli mənsubiyyətimizi ifadə edən dəyərlərdir. Onların qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi təkcə dövlətin deyil, həm də cəmiyyətin hər bir üzvünün mənəvi borcudur.
Sağlam və güclü bir gələcək qurmaq istəyiriksə, milli oyunlarımızı yaşatmalı və onları gələcək nəsillərə miras qoymalıyıq.
Fərman Salmanlı