AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında elmi-tədqiqat və təhsil sahəsi üzrə əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tərəflər qarşılıqlı əməkdaşlıq sahəsində 2025-ci ildə atılacaq ilk addımları, institutun nəzdində yaradılmış Traseoloji və eksperimental arxeoloji laboratoriyanın müştərək istifadəsinin hüquqi bazasının yaradılması, beynəlxalq arxeoloji ekspedisiyalarda tələbələrin iştirakı, tələbələrin arxeologiya və antropologiya ixtisası üzrə xarici tərəfdaşların təklif etdiyi təhsil layihələrində təmsil olunması və digər məsələləri müzakirə ediblər.
İnstitutun direktoru Fərhad Quliyev Ağdam, Füzuli, Cəbrayıl, Xocalı və Şuşada xalqımızın maddi irsinin arxeoloji qazıntılarla tədqiqindən danışıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə gedən tikinti və bərpa işləri çərçivəsində institutun qarşısında duran əsas vəzifə Qarabağın maddi irsinin öyrənilməsi, dövlətçilik atributlarını daşıyan tarixi abidələrin tədqiqidir. Qeyd edib ki, aparılan tədqiqatların mərkəzində özündə həm təhsili və həm də elmi tədqiqatı birləşdirən Qarabağ Universiteti olacaq.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali məktəbdə qısa zamanda əldə edilmiş uğurlardan söz açıb. Şahin Bayramov universitetin respublika daxilindəki elm və təhsil ocaqları, həmçinin beynəlxalq müstəvidə dünyanın və o cümlədən Türk dünyasının ali təhsil məktəbləri ilə əməkdaşlıq əlaqələri quracağını diqqətə çatdırıb.