Prezident İlham Əliyevin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illər aparılan sosial islahatların mühüm bir istiqaməti də əlilliyi olan şəxslərin bərpası sahəsini əhatə edib.
Ölkəmizdə müasir reabilitasiya sistemi qurulmaqla, yeni reabilitasiya mərkəzləri açılıb. Xidmətlər spektri qabaqcıl dünya təcrübəsinə uyğun yeni istiqamətlər üzrə xeyli genişləndirilib. Habelə icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərinin tətbiqinə başlanıb. Görülən bu işlər nəticəsində bərpa xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ildəki 11 min 900-dən 10,4 dəfə artaraq 2024-cü ildə 123 min 300-ə çatıb.
Eyni zamanda, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı gücləndirilib. Onlara dövlət büdcəsi hesabına verilən vasitələrin növlərinin sayı 4 dəfə artırılaraq 34-dən 130-a çatdırılıb. Qeyd olunan dövrdə əlillərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2,7 dəfə artaraq 97 minə çatıb.
Özünüməşğulluq – kiçik biznesə dəstək
Dövlət Məşğulluq Agentliyi icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyahısına bir sıra yeni istiqamətlər də əlavə edib.
Agentlikdən bildiriblər ki, siyahıya “Qəssab dükanı”, Kotançılıq”, “Özünəxidmət avtoyuma”, “Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri”, “Avtorazval xidmətləri” kimi istiqamətlər də daxil edilib.
İşsiz və işaxtaranlar həmin sahələr üzrə də özünüməşğulluq proqramının dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər. Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir. Proqram çərçivəsində təklif edilən digər zərflərin də tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.
Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq mümkündür: https://dma.gov.az/fealiyyet/funksional-istiqametler/ozunumesgulluq
Z.HÜSEYNOVA
XQ