AZ

Dezinformasiyasız jurnalistika: mətbuatımızda nələr dəyişməlidir?

Müasir informasiya cəmiyyəti sürətlə inkişaf etdikcə məlumatın əldə olunması və yayılması prosesi də heç vaxt olmadığı qədər asanlaşıb.

Lakin bu imkanlarla yanaşı, informasiya mühitinin ən böyük problemlərindən biri olan dezinformasiya anlayışı da meydana çıxıb. Xüsusilə jurnalistika sahəsində dezinformasiya həqiqətə uyğun olmayan, manipulyasiya xarakterli məlumatların qəsdən və ya təsadüfən yayılması kimi təzahür edir. Dezinformasiyanın təsir gücü və yayılma sürəti rəqəmsal texnologiyaların inkişafı və sosial medianın dominantlaşması ilə daha da artır. Bu vəziyyət həm cəmiyyətin düzgün məlumatlanmasına mane olur, həm də demokratik prosesləri və ictimai münasibətləri ciddi şəkildə təhdid edir. Məhz bu səbəbdən jurnalistlər üçün dezinformasiyanın yayılmasının qarşısını almaq və ictimaiyyətə etibarlı məlumat təqdim etmək əsas prioritetlərdən birinə çevrilib.

Bəs Azərbaycan jurnalistikasında dezinformasiya meylləri hansı dərəcədə nizamlanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı bildirib ki, jurnalistikanın meydana gəlməsi insanların informasiyaya olan ehtiyacından irəli gəlib. İnformasiyanın öyrənilməsi, onun tirajlanması ilk dövrlərdə çox primitiv şəkildə həyata keçirilirdi. Lakin illər sonra elmi-texniki inqilabın nəticəsində informasiyanın ötürülməsi və istehsalı prosesi çox yüksək səviyyədə həyata keçirilməyə başladı:

"Heç də təsadüfi deyil ki, ötən əsri "informasiya əsri" adlandırırdılar. Dünyanın ən ucqar yerində belə əldə edilən informasiya ən qısa zaman çərçivəsində, daha dəqiq desək, 5 dəqiqə ərzində əldə etmək olur. Məlumat əldə etməyin bu və ya digər formada inkişaf etməsi isə "informasiya müharibəsi"nə gətirib çıxarır. Hətta bu proses elə səviyyəyə gəlib çatıb ki, bu gün dövlətlər və millətlər arasında "informasiya müharibəsi" geniş vüsət alıb. Bu, daha təhlükəlidir. Xüsusilə yanlış informasiyanın əldə edilməsi çox qorxulu problemdir. Məhz buna görə təkcə işgüzar adamlar yox, elm, siyasət adamları jurnalistikaya müxtəlif yöndən yanaşır. Düzdür, jurnalistika yalnız informasiya vermir, amma bilgiləndirmənin funksiyalarının hər birində informasiyalaşdırma anlayışına rast gəlinir".

Həmsöhbətimiz Azərbaycan jurnalistikanın sovet dövründə keçdiyi yola nəzərə salıb. Onun sözlərinə görə, marksizm-leninizm ideologiyasının qoyduğu tələblərə görə aparılan mətbuat işi yetəri qədər senzuralı və məhdud idi:

"Həmin zaman çərçivəsində ancaq Moskvanın təsdiqlədiyi informasiyaları İttifaq ərazisində yayımlanırdı. Bu tip mühitin formalaşması dezinformasiyaların sayının artmasına səbəb oldu. Çünki əldə edilən, göndərilən məlumatların böyük əksəriyyəti xüsusilə "feyk" əhəmiyyəti daşıyırdı. Qərblə bağlı yayımlanan məlumatlar buna nümunədir. Sovetlər ərazisində mətbuatda tirajlanan məlumatlarda Qərbdə vəziyyətin pis olduğu, orada işsizliyin vüsət aldığı, xalqın durumu ilə bağlı yalan məlumatlar işıqlandırıldı, bunun da əsas məqsədi "göz boyamaq" idi. Elmin, texnikanın yeniliyi təbliğ edilmədiyi üçün, internet jurnalistika anlayışının bizim mətbuatımızda yer almadığına görə bu tip yalan məlumatlar mətbuatımızda çox yer alırdı".

Qərənfil Dünyaminqızı: Jurnalistika ictimai rəy yaradır, cəmiyyəti səfərbər edir

Həmsöhbətimiz diqqətə çatdırıb ki, media nümayəndəsi hər şeydən öncə informasiyanın doğruluğunu təsdiqlədikdən sonra həmin bilgini cəmiyyətə yaymalıdır:

"Bu sahə düşündüyümüzdən daha ağır və məşəqqətlidir. Çünki jurnalistika ictimai rəy yaradır, cəmiyyəti səfərbər edir. Bu baxımdan mən bütün gənc jurnalistlərimizi tövsiyə edirəm ki, hər bir informasiyaya cəmiyyətə ötürülən məlumat kimi yanaşsınlar. Hər bir həmkarımız bilməlidir ki, araşdırılan informasiya sağlam şəkildə və geniş formada araşdırılmalı, təhlil edilməli, sonra tirajlanmalıdır. Həmin informasiyanın oxuculara çatdırılması jurnalistikaya olan inamı da artırır, müəllif imzasına olan dəyəri də yüksəldir. Dezinformasiyanın yayılması bu günümüzdə xüsusilə təhlükəlidir. Təəssüflə bildirmək istəyirəm ki, yalan məlumatların işıqlandırılması həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox böyük problemlərə, ixtişaşlara səbəb ola bilər. Necə deyərlər, böyük alovlar qığılcımdan doğur".

44 günlük Zəfərimizdə mediada yayılan dezinformasiyalarla bağlı sualımızı cavablandıran pedaqoq söyləyib ki, həmin vaxt Azərbaycanı özünə dost bilən ölkələr belə səhv məlumatlar dərc edirdi:

"Biz İkinci Qarabağ savaşı zamanı müşahidə etdik ki, bizi sevməyənlər də, özlərini mütəffiq adlandıranlar da yanlış informasiyalar yayır, cəmiyyədə çaxnaşma mühiti yaratmağa çalışırdılar. Bircə qardaş Türkiyə bu sahədə bizə dəstək oldu, hər gün cəbhədə əldə edilən nailiyyətləri, uğurları jurnalistikanın prinsiplərinə uyğun olaraq - dəqiq, qərəzsiz, vicdanlı şəkildə yayımladı, beynəlxalq arenaya səs sala bildi, həqiqətən də, xalqımızın yanında olduğunu nümayiş etdirdi. İnformasiya cəbhəsində türk xalqının bizim yanımızda olması sübut etdi ki, ölkəmizin haqq savaşı təkcə səngərlərdə getmirdi".

Son olaraq Q.Dünyamınqızı bir daha jurnalistlərə istənilən məlumatla məsuliyyətli şəkildə işləməyin vacibliyini xatırladıb. Müsahibimiz həqiqi informasiyanın cəmiyyətə ötürülməsinin əhəmiyyətini söyləyib:

"Biz klassiklərimiz bu mövzuda nümunə götürməliyik, onlara istinad etməliyik. Onların cızdığı dəst-xətdən bəhrələnməliyik. Dünya praktikasını araşdırmalıyıq, axtarmalıyıq, yenilikləri ortaya çıxarmalıyıq. İnformasiya cəmiyyətə yön verir, biz mətbuat nümayəndələri də həmin axını yaradan şəxslərik. Hər bir kəs özünə dövlətçilik, müstəqillik, istiqbal prinsiplərini nümunə götürərək yazmalıdır, yaratmalıdır. Dövlətimizlə bağlı olan doğru informasiyanın yayılması yükü ilə məhz kütləvi informasiya vasitələrinin üzərinə düşür. Buna görə də istənilən yazını yazmazdan əvvəl araşdırma aparılmalı, məsuliyyət dərk edilməlidir".

Əli Hüseynov

Seçilən
4
bakivaxti.az

1Mənbələr