“Qrenlandiya Birləşmiş Ştatların bir hissəsi olmaq istəmir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Qrenlandiya adasının Baş naziri Mute Egede “Fox News”-a müsahibəsində belə deyib.
“Biz amerikalı olmaq, ABŞ-nin bir hissəsi olmaq istəmirik. Lakin ABŞ ilə güclü əməkdaşlıq istəyirik”,-deyə hökumət başçısı bildirib.
Onun sözlərinə görə, adanın Vaşinqtona təklif edəcəyi çox şey var və resurs hasilatı Amerika sərmayəsinə açıqdır. Egede əlavə edib ki, Qrenlandiya həmişə NATO-nun bir hissəsi olacaq.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl bir neçə dəfə Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirib.
O qeyd edib ki, ada milli təhlükəsizliyin və azad dünyanın, o cümlədən Çin və Rusiyadan müdafiəsi üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Ağ Evin gələcək rəhbəri bu əraziyə nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina edib.