AZ

Jalə Məsimova: “Artıq ehtiyatda oturmaq istəmirdim” - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Jalə Məsimovanın İdman.biz-ə müsahibəsi

- Jalə xanım, “Beylerbeyi”ndən ayrılıq səbəbiniz “Amed”dən gələn təklif idi, yoxsa başqa məqamlar də var idi?

- “Beylerbeyi” klubunda həm öncəki, həm də təzə gələn məşqçi mənə çox şans vermədi. Səbəb kimi isə oyunda aldığım zədələri göstərirdilər. Bu yaxınlarda yeni məşqçi ilə danışdıq ki, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verək. Artıq ehtiyatda oturmaq istəmirdim. Ona görə də başqa klubdan təklif gələn kimi getməyə qərar verdim. Düşünürəm ki, yeni klubumda mənə daha çox şans yaradacaqlar.

- Bu sadəcə təxmindir, yoxsa əminlik?

- Əvvəla, deyim ki, “Amed” klubu mənim transferimi çox istəyirdi. Bundan öncəki mövsüm həmin komandada çıxış etmişəm. Mən oynadığım vaxt işləyən məşqçi yenidən kluba qayıdıb. O, mənim dönməyimi çox istəyirdi. Bundan dolayı düşünürəm ki, yeni komandada ilk heyətdə meydana çıxmaq şansım olacaq.

- Qarşıda millimizi Monteneqro ilə qarşılaşma gözləyir. Komandamızın şanslarını necə dəyərləndirirsiniz?

- Monteneqro yaxşı oyunu ilə seçilir və biz ikinci dəfədir ki, bu komanda ilə qarşılaşırıq. Həm Millətlər Liqasında, həm də Avropa çempionatından rəqibi tanıyırıq, rəqib də bizi yaxşı tanıyır. Monteneqro millisinin heyətində çox keyfiyyətli oyunçular var və əksəriyyəti də xaricdə legioner həyatı yaşayır. Son oyunlarda onları məğlub etməyimiz bizi arxayınlaşdırmamalıdır. Çünki rəqib bizdən revanş almaq istəyir. Buna görə də matça maksimum köklənmişik. Məqsədimiz yenidən C səbətindən B səbətinə gəlməkdir.

- Siz əvvəllər də legioner həyatı yaşamısınız. Türkiyədə qazandığınız təcrübə öncəkilərdən hansı xüsusiyyətlərinə görə fərqlənir?

- Bəli, mən Türkiyədən başqa, Rusiya və Gürcüstanda da oynamışam. Hər üç ölkədə öyrəndiklərim mənə çox faydalı olub. Dünya görüşüm artıb, fərqli düşüncədə olan dostlar qazanmışam. Düzdür, oynadığım liqaların mənfi tərəfləri də var, ancaq qazandığım beynəlxalq təcrübə milli komandada oynamağıma çox kömək olub.

- Bundan sonrakı əsas hədəfləriniz nələrdir?

- İndi əsas hədəfim odur ki, daha üst səviyyəli klublarda oynayım. Qismət olarsa, gələcəkdə Avropa klublarına çıxmaq və karyeramı orada davam etdirmək istəyirəm. Yaxın hədəfim isə daha çox milli komanda ilə bağlıdır. Çox istərdim ki, milli ötən il olduğu kimi bu il də uğurlu nəticələrə imza atsın. Bunun üçün komanda olaraq əzmlə çalışmalıyıq.

Aytac Sahəd
İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr