Bu gün Qarabağda həbs edilən hərbi cinayətkarların məhkəmə prosesi başlayıb.
Ulusal.az xəbər verir ki, bu, Azərbaycanın öz “Nürnberq prosesi” kimi tarixə düşəcək bir məhkəmə prosesidir.
Lakin diqqətçəkən əsas məqam Ermənistan mediasında dünən (16 yanvar) Ruben Vardanyanın yayılan müraciətidir. Həbsdə olan Ruben Vardanyan bu müraciətdə iddia edir ki, “heç bir sənədə imza atmayıb”, “heç bir ifadə verməyib” və hətta “saxlanılan vaxt yalnız adımı demişəm” kimi fikirlər səsləndirir. Bu iddialar, onunla bağlı ortaya çıxan əvvəlki məlumatlarla ciddi şəkildə ziddiyyət təşkil edir.
Əvvəlki məlumatlara əsasən isə, Ruben Vardanyan istintaqla əməkdaşlıq edir və mühüm məxfi məlumatlar verir. Onun yalnız Qarabağda törədilən cinayətlərlə bağlı deyil, həm də Qərbdəki müəyyən dairələrlə – məsələn, USAID rəhbəri Samanta Pauerlə əməkdaşlığı barədə mühüm etiraflar etdiyi bildirilib. İstintaqla əməkdaşlıq etməsi onun üçün yeganə çıxış yolu olaraq qiymətləndirilir.
Müraciətin mənbəyi və məqsədi
Bəllidir ki, Ruben Vardanyanın bu müraciəti Bakıdan göndərilməyib. Onun adından yayılan bu bəyanat, böyük ehtimalla, Ermənistanın müəyyən dairələri və ya xaricdəki dəstəkçiləri tərəfindən hazırlanıb. Məqsəd məhkəmə prosesini manipulyasiya etmək və Ruben Vardanyanı ictimai rəy qarşısında “qorumaqdır”.
Vardanyanın istintaqla əməkdaşlıq etməsi Ermənistan rəhbərliyini və ictimaiyyətini çətin vəziyyətə sala bilər. Çünki onun etirafları həm Ermənistan hökumətinin hərbi cinayətlərdə iştirakını ifşa edir, həm də Ruben kimi şəxslərin erməni ictimaiyyətində yaradılan “mübariz” obrazını məhv edir. Belə bir vəziyyətin qarşısını almaq üçün Ruben Vardanyanı “danışmayan qəhrəman” kimi təqdim etməyə çalışırlar.
Qərbdəki “dostların” narahatlığı
Vardanyanın Qərbdəki əlaqələri ilə bağlı verdiyi etiraflar həmin dairələrin narahatlığına səbəb olub. Onun ABŞ-da və Avropada müəyyən qruplarla işbirliyi barədə açıqlamaları bu dairələrdə dəstəyin azalmasına gətirib çıxara bilər. Bu baxımdan, Vardanyanın adından yayılan müraciət onun etiraflarının təsirini minimuma endirmək və onun ətrafında bir “müdafiə qalxanı” qurmaq məqsədi daşıyır.
Manipulyasiya və prosesə müdaxilə
Bu müraciət məhz məhkəmə prosesindən bir gün öncə yayımlanıb ki, bu da təsadüfi deyil. Belə bir addım prosesi manipulyasiya etmək, Ruben Vardanyanın real etiraflarını kölgədə qoymaq və onun “mübariz” obrazını saxlamaq cəhdi kimi qiymətləndirilir.
Sual: Bəyanatı yayanlar kimdir?
Bu bəyanatın mənbəyinin Ermənistan hakimiyyəti, Vardanyanın ailə üzvləri və ya xaricdəki erməni lobbisi olduğu ehtimal edilir. Məqsəd, yalnız məhkəməni deyil, həm də beynəlxalq ictimai rəyi manipulyasiya edərək Ruben Vardanyanın mövqeyini gücləndirməkdir.
Politoloq Asif Nərimanlı bildirir ki, bu müraciət, istintaqla əməkdaşlıq edən Ruben Vardanyanı “xilas etmək” üçün düşünülmüş bir manipulyasiya cəhdidir. Lakin Ruben Vardanyanın istintaqdan qaçış imkanı yoxdur və onun məhkəmə prosesi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin tarixi bir hissəsinə çevriləcəkdir. Onun adından yayılan bu bəyanat isə manipulyativ addımlardan başqa bir şey deyil.Musavat.com