Bakı, 17 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTANDART) tərəfindən AZS EN 538:2024 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Əyilmədə möhkəmliyin təyini sınağı”, AZS EN 539-1:2024 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Fiziki xüsusiyyətlərin təyini – Hissə 1: Sukeçirməzlik və hermetikliyin təyini üzrə sınaq”, AZS EN 1024:2025 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Həndəsi xüsusiyyətlərin təyini” və AZS EN 1304:2025 “Keramik dam örtüyü plitələri və fitinqlər - Məhsula dair anlayışlar və xüsusiyyətlər” dövlət standartları qəbul edilib.
AZSTANDART-dan AZƏRTAC-a bildirilib ki, sözügedən dövlət standartları keramik dam örtüyü plitələrinin əyilməyə qarşı davamlılıq, sukeçirməzlik və həndəsi xüsusiyyətlərinin təyini üçün sınaq üsullarını müəyyən edir. Yeni dövlət standartları Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) dəstəyi ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” layihəsi (Calidena Prosesi - Dəyər zənciri: Keramik dam örtüyü və döşəmə plitələri) çərçivəsində hazırlanıb.
Qeyd edək ki, dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə edilib, İnstitut tərəfindən təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestrinə daxil edilib.