AZ

Ay məhv olmaq təhlükəsi ilə üzləşən irs abidələri siyahısında yer alıb

Bakı, 17 yanvar, AZƏRTAC

Ümumdünya Abidələr Fondu Yerin təbii peyki Ayı məhv olmaq təhlükəsi olan mədəni irs obyektləri siyahısına daxil edib. AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Kosmik turizmin populyarlığının artması və tədqiqat missiyalarının sayının çoxalması Fondun mütəxəssislərinin narahatlığına səbəb olur. Təşkilatın prezidenti və baş direktoru Benedikt de Montlaurun sözlərinə görə, xüsusi narahatlıq doğuran məqam Ayın səthindəki 90-dan çox mühüm obyektin təhlükəsizliyidir. Onların arasında Nil Armstronqun rəhbərlik etdiyi “Apollo 11” ekipajının bəşər tarixində ilk dəfə yerə endiyi məşhur Tranquility bazası da var.

Vəziyyət Aydakı fəaliyyəti tənzimləyən beynəlxalq qanunvericiliyin olmaması ilə çətinləşir. Aparıcı kosmik güclər, o cümlədən ABŞ, Rusiya və Çin hələ də Ayın səthindən və digər göy cisimlərindən istifadə qaydalarına dair razılığa gələ bilməyiblər. Bu, onların peykə təsirini faktiki olaraq qeyri-məhdud edir.

Ayın səthində insan sivilizasiyasına aid artefaktların sayının artması xüsusi narahatlıq doğurur. Lakin kosmik sənayenin nümayəndələri bu narahatlıqları bölüşmürlər. Kosmik hüquqşünas Mişel Hanlon deyib: “Bu gün Ayın turizm və elmdən qorunmasına ehtiyac olduğunu söyləmək bir qədər radikal fikirdir”.

Maraqlıdır ki, Ay təhlükə altında olan obyektlər siyahısına Perunun qədim Maçu Pikçu şəhəri, Keniyanın eroziyaya uğramış sahilləri, Yəmənin Taiz şəhəri, Kambocanın məbəd kompleksləri və digərləri kimi yerüstü abidələrlə birlikdə qoşulub.

Seçilən
3
azertag.az

1Mənbələr