AZ

Kobaxidze: "Gürcüstan Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın inkişafında maraqlıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gürcüstan regionda konkret praktik addımların həyata keçirilməsi və qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır, həmçinin müxtəlif sahələrdə Cənubi Qafqaz ölkələrinin üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir".
Oxu.Az "Report"a istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın (HK) 10-cu iclasında çıxışında deyib.
O qeyd edib ki, iclas iki ölkə arasında dinamik əməkdaşlığa töhfə verəcək.
"Bu gün Bakıda, hər dəfə bizi gözəlliyi və inkişaf tempi ilə heyrətləndirən şəhərdə olmaq mənim üçün böyük şərəfdir. Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 10-cu iclasının həmsədri olmaq imkanına şadam. Mən dərindən əminəm ki, bugünkü görüş ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da dinamik və məhsuldar etmək üçün əməkdaşlığın genişləndirilməsində yeni imkanları üzə çıxaracaq", - deyə Kobaxidze bildirib.
O, həmçinin qeyd edib ki, regional inkişaf və davamlı tərəqqi üçün əsas şərt regionda sabitlikdir.
"Əminəm ki, birgə səylərlə biz təkcə bütün çağırışların öhdəsindən gəlməyəcək, həm də daha səmərəli əməkdaşlıq üçün mövcud imkanlardan istifadə edəcəyik. Biz regionda konkret praktik addımların atılması və əməkdaşlığın inkişafında səmimi olaraq maraqlıyıq. Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir", - deyə o vurğulayıb.
Gürcüstanın baş naziri, həmçinin, Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi münasibətilə təbrik edib.
"COP29-un işində iştirak etmək imkanı əldə etdiyimə şadam", - deyə o qeyd edib.
Seçilən
0
3
oxu.az

4Mənbələr