AZ

Azərbaycanın işğaldakı 4 kəndi müzakirəyə ÇIXARILA BİLƏR

Dünən - yanvarın 16-da Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın sədrlik etdikləri dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib.

Görüş zamanı Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib. Dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimaldan cənuba aparılması barədə razılığa gəlinib.

Hələlik delimitasiya işlərinin həyata keçiriləcəyi konkret ərazi adı çəkilməyib.

Bu məsələ ilə bağlı Ermənistanın müxalif siyası dairələrində narahatlıq yenidən artıb. Məsələn, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan yenə də sosial şəbəkələrdə özünə əl qatıb və erməni cəmiyyətində təşviş yaradıb.

Abramyan bildirib ki, delimitasiya komissiyaları hazırda erməni işğalı altında olan anklav kəndlərin – Yuxarı Əskipara, Sofulu və Barxudarlının məsələsini gündəmə çıxararsa, Ermənistan üçün ciddi mənfi nəticələr yarana bilər.

“Həmin kəndlərin təslim edilməsi təkcə Tavuş vilayətinin daxili kommunikasiyalarını yox, həm də bu bölgənin daxili rabitəsini məhv edə bilər. Ermənistan-Gürcüstan sərhədinə gedən əsas yol olan Baqrataşen yolu və Gürcüstandan Ermənistana gələn qaz kəməri təhlükə altına düşə bilər. Digər ciddi problem İcevandan Berdədək olan yol olacaq və onun bir hissəsi Azərbaycanın nəzarətinə keçə bilər”, - deyə Tiqran Abramyan ermənilər üçün həyəcan təbili çalıb.

Qeyd edək ki, Tavuş vilayətindəki işğal olunmuş anklav kəndlər (Qazaxın hər tərəfdən Ermənistan ərazisilə əhatələnmiş üç kəndi)  - Yuxarı Əskipara, Barxudarlı və Sofulu 1990-cı illərdə zəbt edilib.

Hazırda Azərbaycanın işğalda 4 kəndi qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi.

Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. İşğal altındakı esklav kəndlərimizdə ermənilərin qanunsuz məskunlaşması həyata keçirilib.

Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.

İşğal zamanı Yuxarı Əskiparada 485 nəfər, Sofuluda 181 nəfər, Barxudarlıda 346 nəfər əhali yaşayıb.

Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir. Kəndin 1000 nəfərə yaxın azərbaycanlı sakini 34 ildir ki, didərginlik həyatı yaşayır.

Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir. Kərki kəndində 150-dək erməninin məskunlaşdığına dair məlumatlar var.

Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-da imzalanıb.

Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun davam etdirilə bilər.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında aparılan sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.

Həmin kəndlər 24 may 2024-cü il tarixində Azərbaycana təhvil verilib.
Ə.Qafarlı
Modern.az

Seçilən
0
2
herbiand.az

3Mənbələr