Şuşa, 17 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri “Azərişıq” ASC-nin işğaldan azad olunmuş ərazilərdə apardığı yenidənqurma, bərpa işləri ilə tanış olmaq üçün Şuşaya səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə korporasiyanın baş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.
Şuşa Elektrik Şəbəkə Rəqəmsal İdarəetmə Mərkəzində gələn qonaqlara dövlətimizin dəstəyi sayəsində qısa zaman ərzində aparılan yenidənqurma işləri barəsində ətraflı məlumat verilib. Səfər zamanı tərəflər arasında elektrik təsərrüfatının müasir standartlara uyğun qurulması və yeni əməkdaşlıqlar sahəsində təcrübə mübadiləsi aparılıb.
Qonaqlar sonra Şuşa şəhəri ilə tanış olublar.
“Dongfang Electronics Corporation” qlobal səviyyədə tanınmış Çin enerji şirkəti olaraq dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir. Şirkət elektrikpaylayıcı və ötürücü sistemlər üzrə tam sənaye zəncirinə və həll yollarına malikdir, həmçinin “ağıllı elektrik şəbəkələri”nin yenidən qurulması və tikintisi, elektrik SCADA sistemlərinin inkişafı və tətbiqi, yaşıl enerjinin inkişafı və tikintisi sahəsində zəngin təcrübəyə sahibdir.
Qeyd edək ki, Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC Çinin “Dongfang Electronics” şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədli danışıqlar aparıb. Davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq” ASC-nin rəhbər heyəti 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində yerləşən “Dongfang Electronics” şirkətinin təqdim etdiyi innovativ texnologiyalar, məhsullar və beynəlxalq layihələr barədə məlumat əldə etmək məqsədilə görüş keçirib.
Xatırladaq ki, “Dongfang Electronics” şirkəti “Ağıllı Şəbəkə” sistemlərinin yaradılması və idarə edilməsi sahəsində böyük təcrübəyə malik olmaqla, bu yöndə bir çox ölkələrdə uğurlu layihələr həyata keçirib. Bundan başqa, şirkət günəş panellərinin, enerji saxlama sistemlərinin və SCADA vasitəsilə idarəetmə həllərinin istehsalında ixtisaslaşıb. Bu sistemlərin tətbiqi ilə enerji istehlakında qənaət təmin olunur. Buna misal olaraq Ukraynada enerji saxlama deposu və Şandonq əyalətində 22 MVt gücündə günəş örtüyü panelləri layihələri uğurla reallaşdırılıb.
Səfər zamanı “Dongfang Electronics” şirkətinin istehsal müəssisələri ilə tanışlıq həyata keçirilib. Burada amorf nüvəli üçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabat sayğacları və kameralı sayğac qutuları nümayiş olunub. Smart sayğaclar xüsusi diqqət çəkib, çünki onlar müasir rabitə protokolları (RS, GPRS, PLC) ilə təchiz olunub və qaz, su, elektrik enerjisi üçün birgə sayğac funksiyası təklif edir.
Əməkdaşlığın davamı olaraq “Dongfang Electronics Corporation”ın rəhbər heyəti Bakıya səfər edib. Yanvarın 13-19-nu əhatə edən səfər çərçivəsində korporasiyanın baş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət heyət “Azərişıq” ASC-nin rəhbər şəxsləri ilə görüş keçirib. Bu əməkdaşlıq tərəflər arasında innovativ yeniliklər və təcrübə mübadiləsi məqsədi daşıyıb.
“Dongfang Electronics Corporation”ın nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 19-da başa çatacaq.