Energetika Nazirliyində xalqımızın müstəqillik və istiqlal uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuş 20 Yanvar faciəsinin 35-ci ildönümünün anım tədbiri keçirilib.
Energetika nazirinin müavini Samir Vəliyev tədbiri açıq elan edərək Qanlı Yanvar hadisəsinin xalqımız üçün həm böyük faciə, həm də misilsiz qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb və onun təklif ilə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 20 Yanvar hadisələri ilə bağlı çıxış dinlənilib. Qeyd olunub ki, Azərbaycan xalqının başına gətirilən qanlı hadisəyə ilk siyasi-hüquqi qiyməti faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu əməlin demokratiyaya və humanizmə tamamilə zidd olduğunu cəsarətlə bəyan edən Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə və şəhid ailələrinin sosial problemlərinin həllinə hər zaman xüsusi diqqət göstərdiyi vurğulanıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və ordumuzun şücəati nəticəsində qazanılmış Zəfərlə 20 Yanvar şəhidlərinin də qisasının alındığı bildirilib.
Tədbirin sonunda Qanlı Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.