Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən meşə yanğınları nəticəsində ən azı 27 nəfər həlak olub, 18 nəfər itkin düşmüş hesab olunur.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Məhkəmə-Tibbi Ekspertiza Departamentinin məlumatlarından bəlli olub.
Qurumun saytında dərc olunmuş məlumata görə, yanğın yerində 27 nəfərin cəsədi tapılıb. Onların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib. Daha əvvəl 25 nəfərin həlak olduğu bildirilmişdi.
ABC telekanalının məlumatına görə, Los-Anceles Dairəsi Şerifinin İdarəsi itkin düşənlərin real sayının daha çox ola biləcəyini ehtimal edir.
Los-Anceles dairəsində meşə yanğınları yanvarın 7-dən yayılmağa başlayıb. Meteoroloqların fikrincə, buna səbəb quru və çox küləkli hava şəraiti olub. Yanğınlar 16 min hektardan çox ərazini əhatə edib, 12,3 mindən çox tikili, o cümlədən məşhurların evləri yanaraq kül olub. İqtisadi zərər 250 milyard dollardan çox məbləğdə qiymətləndirilir.