AZ

Boks məşqçisi hücuma məruz qalıb - Çənəsini sındırıblar - FOTO

"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin Sumqayıt təşkilatının sədri və boks üzrə məşqçi Ramil Məmmədzadə fiziki hücuma məruz qalıb.

İdman.biz xəbər verir ki, bu barədə idmançı Axar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə adi bir "TikTok" videosu ilə başlayıb və daha sonra ciddi insidentə çevrilib.

Ramil Məmmədzadə öz tələbəsinin məşq prosesi zamanı idman ustası Rafael Ağayevlə çəkilmiş adi bir videosunun silinməsi ilə bağlı qəribə tələblə qarşılaşıb.

Ramil Məmmədzadə baş verənləri belə izah edib: "Mənə tanıdığım bir şəxs zəng edib, tələbəmin "TikTok" səhifəsindəki videonu silməsini tələb etdi. Tələbəmin nömrəsini istədi, verdim. Videoda qeyri-adi heç nə yox idi. Daha sonra həmin şəxs tələbəmə zəng edərək, ondan da eynisini tələb edib. Tələbəm isə Rafael Ağayevdən icazə almadan bunu edə bilməyəcəyini deyib. Rafael Ağayev özü videonun paylaşılmasına etiraz etməyib. Sonra mənə zəng edən həmin şəxsə zəng etdim və söhbətin nə ilə nəticələndiyini öyrənməyə çalışdım. Bundan sonra mənə qarşı təhqir və zorakılıq başladı. Məni görüşə çağırdı, getdim. Sumqayıt şəhərinin 33-cü məhəlləsində görüş münaqişəyə çevrildi".

Məmmədzadənin sözlərinə görə, həmin şəxs qəfil zərbə ilə ona hücum edib və ağır bədən xəsarətləri yetirib: "İlk zərbədən çənəm sındı, daha sonra gicgahımdan vurdu. Yıxılmağıma baxmayaraq, məni yumruqlamağa davam etdi. Yanında olan şəxslə birgə təhqir etdilər".

Hadisə nəticəsində Məmmədzadənin sağlamlığı ciddi zərər görüb. O, yanvarın 9-da əməliyyat keçirib və 2 min manat xərc çəkib. Gözləri 30 faiz zəifləyib, başında davamlı ağrılar qalıb.

Məmmədzadə hadisədən sonra hüquqi yollarla ədaləti bərpa etməyə qərar verib. Hüquq-mühafizə orqanlarına müraciət edib və hadisədə təqsirli şəxs saxlanılıb.

Məmmədzadə bu hadisənin təsadüf olmadığını və peşə fəaliyyəti ilə bağlı sifarişlə həyata keçirildiyini düşünür.

İdman.biz

Seçilən
1
10
idman.biz

10Mənbələr