AZ

Bərzanidən kömək istədilər – “Türkləri dayandırın”

“Suriya Demokratik Qüvvələri” (SDQ) terror təşkilatının lideri Mazlum Abdi dünən İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbilə səfər edib. Terrorçu burada muxtar bölgənin keçmiş başçısı, Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsud Bərzani ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Nəşr Suriyada hökm sürən həssas dönəmdə baş tutan bu gözlənilməz səfərin suallar doğurduğunu yazıb.

SDQ mənbəsi “Al Arabiya”ya deyib ki, Abdi Suriya və İraqda İŞİD-ə qarşı ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya rəsmilərinin müşayiəti ilə Ərbilə gəlib.

Mənbə onu da bildirib ki, Bərzani Türkiyənin Suriyanın şimal və şərqində SDQ-yə qarşı mümkün əməliyyatlarından öncə təşkilatla Ankara arasında vasitəçi rolunu oynamağa çalışır:

“Türkiyə ilə güclü siyasi-iqtisadi əlaqələri olan Bərzaninin partiyasının ABŞ-nin təşviqi ilə oynayacağı potensial vasitəçi rolu Abdinin KDP lideri ilə görüşə aparan ən mühüm amildir”.

Məlumatda SDQ liderinin Türkiyənin Suriyanın şimalında mümkün antiterror əməliyyatlarının dayandırılmasına çalışdığına diqqət çəkilib.

Xatırladaq ki, Suriyanın yeni lideri Əhməd Şəra bundan əvvəl ölkədəki bütün silahlı qruplaşmaların, eləcə də PKK/SDQ/YPG terror təşkilatının ləğv ediləcəyini açıqlayıb. Şəra çıxış yolu kimi silahlı qruplaşmaların Suriyanın rəsmi ordusuna inteqrasiyasını göstərib. Suriya başçısının bəyanatı Türkiyənin tələbindən sonra gəlib. Hər iki tərəf məsələnin dinc yolla həll olunmayacağı təqdirdə hərbi variantdan istifadə ediləcəyini bəyan edib. Həmçinin Ankara bir terror təşkilatı ilə danışıqların qeyri-mümkün olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
2
teleqraf.com

1Mənbələr