Keçən il işdən qanunsuz azad edilən 60-dan çox şəxs əvvəlki işlərinə bərpa olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il vətəndaş müraciətlərini araşdırarkən 61 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox məbləğdə vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Ödənilən vəsaitin 88,6 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.