Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr ikitərəfli əməkdaşlığı dərinləşdirməlidir.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
\"Regionda ölkələrimiz arasında əməkdaşlıq sülh və sabitliyin qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Biz bir-birimizin suverenliyini dəstəkləməyə davam edirik. Görüşdə region və dünyada cərəyan edən və mövqelərimizə təsir göstərən siyasi prosesləri müzakirə etdik, biz bütün çağırışların öhdəsindən birlikdə gəlməliyik\", - Kobaxidze qeyd edib.
Baş nazirin sözlərinə görə, Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərin dərinləşdirilməsi prioritet təşkil edir.
\"Biz həmçinin üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazırıq\", - o əlavə edib.
Kobaxidze bildirib ki, Azərbaycan Prezidenti ilə görüşdə ikitərəfli gündəliyə aid məsələlər, regional vəziyyət və qlobal məsələlər müzakirə olunub.
\"Əlbəttə ki, bütün bu proseslər regionumuza təsir göstərir\", - deyən baş nazir Cənubi Qafqazda sülh və sabitliyin birgə səylərlə qorunmasına hazır olduqlarını qeyd edib.