Ermənistan Rusiyadan sürətlə uzaqlaşmağa davam edir. İrəvanın Moskvadan iqtisadi asılılığı olsa da, ona qarşı addımlar atır.
Yanvarın 9-da Ermənistan hökuməti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini dəstəkləyib. Sənəd parlamentdə təsdiqlənməlidir, daha sonra hakimiyyət Brüsseldən olan həmkarları ilə Avropaya inteqrasiya prosesinin yol xəritəsini müzakirə edəcək.
Rusiya Ermənistanın bu qərarına sərt reaksiya verib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük Avropa İttifaqına üzvlüklə uyğun gəlmir. Ermənistan 2015-ci ildən Aİİ-nin üzvüdür. Ermənistan İqtisadiyyat Nazirliyi ölkənin Aİİ-dən çıxmasını istisna edib.
Ardınca Ermənistan Rusiyanı qəzəbləndirəcək növbəti addım atıb. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona gedərək amerikalı həmkarı Entoni Blinkenlə görüşüb. Onlar Ağ Evdə hakimiyyət dəyişikliyi ərəfəsində iki dövlət arasında münasibətlərin statusunu yüksəldən Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalayıb. Xartiya İrəvan və Vaşinqtonun təhlükəsizlik və müdafiənin həssas sahələri də daxil olmaqla əməkdaşlığın yeni səviyyəsinə qalxmağa hazır olduğunu bəyan edir. Moskvada Ermənistanın qərarı “suveren seçim” adlandırılsa da, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə hakimiyyətini dəstək üçün Qərbə üz tutmamağa çağırıb.
Bu gün isə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. İrəvanın açıqlamasında Avropa İttifaqı ilə bağlı məsələnin müzakirə edildiyi qeyd edilməsə də, Kremlin saytında bu barədə yazılıb. Qeyd olunur ki, Nikol Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib. Rusiya lideri müvafiq şərhlər və qiymətlər verib.
Qeyd edək ki, İrəvanın Qərbyönümlü siyasəti İkinci Qarabağ müharibəsindən sonra sürət qazansa da, son aylarda atılan addımlar Moskvanın açıq etirazlarına səbəb olub. İrəvanın Qərbə meyli İranın da narahat olduğu məsələlərdəndir. Bir sıra ekspertlər Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi planlaşdırdığını düşünür.
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya ilə İranın Ermənistanı cəzalandıracağı ilə bağlı mülahizələr özünü doğrultmaya bilər:
"Ermənistan hökuməti Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirib, sərhədimizə avropalılarla yanaşı, amerikalı hərbçilər də yerləşdiriləcək. Rusiya və İranın buna görə Ermənistanı cəzalandıracağı barədə mülahizələr özünü doğrultmaya bilər. Rusiya ilə Ermənistan arasında ticarətin həcminin 4-5 dəfə artmasının gizli tərəfləri var, Moskva bundan imtina etməz. Tehran isə Ermənistanın bütün şıqtaqlıqlarını, hətta “şeytan” adlandırdığı Amerika ilə hərbi əməkdaşlığına da dözməyə hazırdır, yetər ki, bunun Azərbaycana zərəri olsun".
Politoloq vurğulayıb ki, bölgədə baş verənlərə çevik reaksiya verməliyik:
"Ümidimizi yalnız Donald Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verəcəyinə bağlamamalıyıq. Ermənistanla şərtlərimiz daxilində sülh sazişini imzalamağa çalışmalıyıq".