AZ

Ermənistan-ABŞ razılaşması İrəvanın əleyhinə işləyə bilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla  ABŞ dövlət katibi Entoni Blinkenin  imzaladığı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyası siyasi ekspertlərin müzakirə predmetinə çevrilib. Bunun səbəbi sözügedən sənəddə əksini tapan müddəaların region dövlətlərə təsiri ilə bağlıdır. Bəzi ekspertlər razılaşmanın bütövlükdə Azərbaycana qarşı yönəlmədiyini iddia etsələr də dolayısı ilə bunun qaçılmaz olduğunu da etiraf edirlər. Ümumilikdə isə sənədin region dövlətlərə, xüsusən də İran və Rusiyaya qarşı olduğu gün kimi aydındır. Ermənistanın sərhəd təxribatına əl atacağı isə Türkiyənin də proseslərə müdaxiləsini labüd edir. Maraqlıdır, bəs siyasi ekspertlər Ermənistan-ABŞ razılaşmasının regiona təsirini necə qiymətləndirirlər?    

Milli Cəbhə Partiyasının başqanının  müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan -ABŞ  strateji tərəfdaşlıq xartiyası İrəvanı regionda təcrid edə bilər: "Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan, Türkiyə ilə normallaşma prosesinə getmədən  ABŞ ilə  "strateji tərəfdaşlıq" xartiyasını imzalaması danışıqlar prosesində mövqeyini gücləndirməsinə hesablanıb. Amma, bu siyasət İrəvanın əleyhinə işləyə bilər. Ermənistan tərəfi praqmatik siyasət ortaya qoyarsa, Azərbaycanla sülh müqaviləsi bağlayarsa, bu sazişin İrəvan üçün müsbət nəticələri olacaq. Amma, Ermənistanın regionda  Azərbaycan və Türkiyə ilə düşmən siyasətini davam etdirməsi növbəti mərhələdə İranın da bu sazişə etirazına səbəb olacaq. Həmçinin, Gürcüstan Avrointeqrasiya siyasətindən imtina etməsi səbəbindən İrəvanın hazırkı siyasətini dəstəkləməyəcək. Rusiya da Ermənistanla iqtisadi və enerji sahəsində əməkdaşlığı aşağı səviyyəyə salacaq. Ermənistanın bütün qonşularla düşmən olub, okeanın o tayı ilə iqtisadi -siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı  mümkün deyil.  Ermənistan hakimiyyəti eyforiyaya girib hərbi təxribatlara əl atarsa, bunun mənfi nəticələri olacaq". 

Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, ABŞ və Ermənistan arasında imzalanan strateji sənədin birbaşa  Azərbaycana qarşı yönəlmədiyi, Vaşinqtonun Tehran və Moskva ilə maraq mübarizə planlarından qaynaqlandığı bəllidir. Lakin Azərbaycan üçün problemli məsələ Ermənistanı platforma seçən Bayden Administrasiyasının regional siyasətini erməni maraqları kontekstində tətbiq etməsi və İrəvanın Bakı ilə danışıqlarda Vaşinqtonun dəstəyini əldə etməsidir: "Bunu strateji sənədin mətnində aydın görmək olar. Preambula və V bölmədən ibarət olan sənədin "Əməkdaşlıq prinsipləri" adlı 1 bölməsində bu, öz əksini tapır. Sənəddə qeyd olunur: "Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesini dəstəkləyir. "Birləşmiş Ştatlar Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını dəstəkləyir". Növbəti iki məsələ Bakı-İrəvan danışıqlarında əsas ziddiyyətli və prinsipial məqamdır: Sərhədin delimitasiyasının Alma-Ata Bəyannaməsinə əsaslanması SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi deməkdir və bu, Ermənistana sovetləşmə başlayandan 80-ci illərə qədər ermənilərə verilən Azərbaycan əraziləri üzərində legitimlik qazandırır, həmçinin, İrəvanın sərhəddə "güzgü prinsipi" təklifini - ordumuzun çıxdığı strateji yüksəkliklərdən geri çəkilməsi - aktuallaşdırır. Kommunikasiyanın "suerenlik prinsipi" əsasında açılması Zəngəzur dəhlizi layihəsinə qarşıdır və bu, həm də "dəhliz" məntiqinə qarşı irəli sürülən alternativləri - Kalininqrad dəmir yolu xətti və s. - də arxa plana keçirə bilər. Bayden Administrasiyası hər iki məsələdə Ermənistanın mövqeyindən çıxış edirdi. Strateji sənədin imzalanması ilə bu siyasət rəsmiləşdi və Trampın "miras" olaraq verildi.
Əsas narahatlıq yaradan məqamlardan biri də sənəddə əksini tapan "ABŞ Dağlıq Qarabağdan didərgin düşmüş şəxslərə və qaçqınlara yardım göstərməkdə Ermənistana dəstəyi davam etdirməyi planlaşdırır" qeydidir. Bu, "erməni qaçqınlar" mövzusunun davam etdirilməsi Azərbaycana qarşı ittihamları və Qarabağ məsələsini də aktual olaraq saxlayır.
Bu baxımdan, Ermənistanla strateji sənəd Vaşinqtonun İran və Rusiyaya qarşı qlobal mübarizəsinin regional komponentini təşkil etsə də, Azərbaycanın da maraqlarına uyğun deyil".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
9
olaylar.az

10Mənbələr