Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Komitədən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək qan yaddaşımızda silinməz iz qoyan Yanvar hadisələrinin tariximizin şərəfli və qürurverici səhifəsi olduğunu vurğulayıb.
20 Yanvar hadisələrinin şahidi olaraq baş verənləri milli kimlik və milli şüurumuzun formalaşdığı günlər kimi xatırlayan Komitə sədri faciə qurbanlarını, eləcə də Azərbaycanın suverenliyi uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsini anaraq, onlara Allahdan rəhmət diləyib.
O, hadisələrdən dərhal sonra Ümummilli Lider Heydər Əliyevin bütün dünyaya səs salan müraciəti zamanı Sovet İttifaqının, onun rəhbərliyinin öz vətəndaşına qarşı ordudan istifadə etməsini və insanlıq əleyhinə törətdiyi qanlı cinayəti qəti şəkildə pislədiyini xatırladıb, Ulu Öndərin çəkinmədən dünya ictimaiyyətinə fikirlərini çatdırmasının xalqın əzilən ruhunu dirçəltdiyini bildirib.
Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, eyni zamanda müstəqillik uğrunda baş verən hadisələrə siyasi qiymətin verilməsi istiqamətində qətiyyətli addımlar atdığını qeyd edən B.Muradova Ulu Öndərin siyasi varisi, ölkə başçısı Prezident İlham Əliyevin milli düşüncə sərhədlərini qorumaq naminə apardığı məqsədyönlü siyasətdən, bu siyasət nəticəsində Azərbaycanın dünyada seçilən dövlətə çevrilməsindan söz açıb.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını vurğulayan Komitə sədri Konstitusiyanın hər bir xalqın iradəsini müəyyən etməklə onun yaşamı, rifahı, dövlət müstəqilliyi istiqamətində vəzifələri yerinə yetirmək üçün ciddi hüquqi çərçivələr yaratdığını diqqətə çatdırıb.
“Tarixin keşməkeşli dönəmlərindən hər zaman üzüağ çıxan, şərəfli tarixə malik dövlətin nümayəndələri olaraq biz yaşadığımız faciələri unutmamalı, gənc nəsillərə ötürməliyik. Uşaqlarımızın, gənclərimizin milli ruhda böyüməsi, tarixi və hüquqi, həmçinin ictimai-siyasi proseslərdən xəbərdar olması üçün bu işi ciddi şəkildə aparmalıyıq”,- deyə B.Muradova qeyd edib.
Tədbirdə çıxış edən Komitə əməkdaşları həmin gecəni yada salaraq xatirələrini bölüşüblər. Azərbaycan xalqının birliyinin və rəşadətinin rəmzi olan Yanvar hadisələrinə ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə hüquqi qiymət verildiyi, hadisənin təfərrüatlarının yalnız məxfilik qrifi götürüldükdən sonra üzə çıxdığı və SSRİ hakimiyyətinin məqsədyönlü siyasətinin bir hissəsi olduğu vurğulanıb. O günlərdə Azərbaycan xalqının birliyi ilə topa-tüfəngə qalib gəldiyi qeyd olunub, müstəqillik və azadlğımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.