Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qobustan rayonu, Sündü bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov bildirib ki, Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır. Onun sözlərinə görə, möhtəşəm uğurlar parlaq gələcəyin möhkəm təməlidir.
Ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının nüfuzunun daha da artdığını söyləyən Q.Qasımov bildirib ki, partiya qarşıda duran milli hədəflərə çatmaq istiqamətində üzərinə düşən vəzifələri uğurla yerinə yetirməkdədir. O qeyd edib ki, qalib xalqın lider partiyası öz yolunda inamla və əmin addımlarla irəliləyir. “Qarşıdan gələn bələdiyyə seçkiləri də Yeni Azərbaycan Partiyasına xalqın sarsılmaz inamının daha bir təsdiqi olacaqdır”, - deyə vurğulanıb.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Allahyar Atakişiyev, bələdiyyə üzvlüyünə namizədlər Rasim Novruzov, Hicranə Qaçayeva və Fərman Əliyev hüquqi və demokratik dövlət olan Azərbaycanda bələdiyyələrin inkişafının önəminə diqqəti cəlb ediblər. Onlar bu sahədə sistemli tədbirlərin davam etdirilməsi və mühüm nəticələrin əldə olunması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.