1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Co Bayden ABŞ-də "TikTok" sosial şəbəkəsinin bloklanması üçün tədbirlər görməyəcək, tətbiqin taleyi seçilmiş prezident Donald Trampın administrasiyası tərəfindən həll ediləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi adı açıqlanmayan məmura istinadən məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, Bayden administrasiyası vəzifədən getməsinə üç gün qalmış "TikTok"a qarşı yeni qanunun tətbiqi və sosial şəbəkənin potensial bloklanması problemini öz sələflərinə saxlamağa qərar verib.
Qeyd edək ki, ABŞ-də 2024-cü ildə qəbul edilmiş qanuna əsasən, Çin şirkəti "ByteDance" ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ölkə ərazisində fəaliyyətini dayandırmalıdır. "TikTok" ətrafında vəziyyət onun bloklanmasını mümkün edən qanunun demokratlar və respublikaçılar arasında geniş dəstək almasına baxmayaraq, hər iki partiyada mübahisə mövzusuna çevrilib.
Sosial şəbəkənin aktiv istifadəçisi olan ABŞ-li gənclər də fəal şəkildə qanunun əleyhinə çıxırlar.
Dekabrın sonunda ABŞ-nin seçilmiş prezidenti Donald Tramp hakimlərdən qanunun müddəalarının dayandırılmasını xahiş edib. O, bu platformaya "isti yanaşdığını" deyib, çünki 2024-cü ilin noyabrında dövlət başçısı seçkisində onun qələbəsinə gənc amerikalı istifadəçilərin səsləri kömək edib.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimində "SpaceX"in baş direktoru İlon Mask, "Meta"nın baş direktoru Mark Zukerberq, "OpenAI"ın baş direktoru Sem Altman və "Amazon"un qurucusu Ceff Bezosla yanaşı, "TikTok"un baş direktorları da tribunada əyləşəcəklər.