Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan xalqının milli birliyinin, mübarizə əzminin və azadlıq istəyinin daha da gücləndirilməsində mühüm rol oynayan 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) anım tədbiri keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik mübarizəsindəki əhəmiyyətini vurğulamaq və şəhidlərin əziz xatirəsini yad etmək olub.
ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov 20 Yanvar hadisələrinin xalqımızın mübarizə ruhunun və sarsılmaz dövlətçilik təfəkkürünün bariz təzahürü olduğunu, o cümlədən müstəqilliyə aparan yolda dönüş nöqtəsi kimi əhəmiyyətini vurğulayıb.
Sonra “Tarixin izi ilə” silsilə filmlərindən “Qanlı Şənbə gecəsi” adlı sənədli film nümayiş etdirilib. Film 20 Yanvar hadisələrinin səbəblərini və Azərbaycan xalqının mübarizə ruhunu əks etdirərək iştirakçılarda dərin təəssürat yaradıb.
Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz “20 Yanvar hadisələrinin tarixi perspektivi və xalqımızın mübarizə ruhuna təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, həmin dövrün ictimai-siyasi proseslərini elmi yanaşma ilə təhlil edərək, bu hadisələrin Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətini iştirakçılara ətraflı izah edib və onların suallarını cavablandırıb.