AZ

Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

Image

“Əyilməz Fransa” partiyasının koordinatoru Manuel Bompar Fransa hökumətinin tezliklə istefaya gedəcəyini proqnozlaşdırıb. Fransa Milli Assambleyasında baş nazir Fransua Bayruya etimadsızlıq votumu ilə bağlı müzakirələr zamanı danışan Bompar belə deyib: “Cənab baş nazir, bədbəxt hökumətinizin sayılı günləri qalıb. Bu hökumət süqut etdikdən sonra, “monarx” Makron da devriləcək”.

Onun fikrincə, hökumətə etimadsızlıq votumunun keçirilməsi üçün kifayət qədər səbəb var. Siyasətçi, həmçinin hökumətə etimadsızlıq votumunun xeyrinə səs vermədiklərinə görə sosialistləri də tənqid edib. Bompar hranı davam edir. Fransanın baş naziri Fransua Bayru mövcud vəziyyətdə parlamentdə öz fəaliyyət proqramını təqdim edib. Onun məqsədi solçu qüvvələrin builki büdcə qanun layihəsinə səs verməsini təmin etməkdir. Əgər bu baş verməsə, Bayru hökuməti özündən əvvəlki Mişel Barnierin cəmi bir neçə ay davam edən hökuməti kimi qısamüddətli olacaq. Hökumətin belə duruma düşməsi müxtəlif xoşagəlməz nəticələrə gətirib çıxara bilər, o cümlədən Beşinci Respublikanın əsaslarına - prezidentin geniş səlahiyyətlərinə yenidən baxılması, ona hətta parlament seçkilərində uduzan partiyalar arasından da baş nazir təyin etməyə imkan yarada bilər. Bayru bu qüvvələrdən birini təmsil edir. Bayrunun çıxışından əvvəl hökumət üzvlərinin parlament fraksiyaları ilə apardıqları mürəkkəb danışıqlar olub. İddialara görə, Bayru həm solçuların, həm də həmkarlar ittifaqlarının istəklərini nəzərə alıb. O, sosial xərclərin artırılmasına və pensiya islahatlarının müəyyən detallarının müzakirəsinə razılıq verib. Lakin onun mahiyyəti, yəni pensiya yaşının 62-dən 64-ə qaldırılması dəyişməz qalacaq. Bu riskli manevrdir. İlk vaxtlar məlum idi ki, rekord aşağı reytinqlə vəzifəyə gələn baş nazir üçün müxtəlif siyasi qüvvələrlə dil tapmaq asan olmayacaq. Yay parlament seçkilərindən sonra ölkə siyasətində sabitlik məhz müxalifətçi Marin Le Pen və Emmanuel Makron arasındakı təmaslara əsaslanır. Makron baş nazir postuna namizədləri və kabinetlərin tərkibini məhz Milli Birlik Partiyası ilə müzakirə etmək məcburiyyətindədir.  Lakin Milli Birlik Partiyası da Makronun istefaya göndərilməsində indi əsas maraqlı tərəflərdən biridir. Belə bir vaxtda bəlli olub ki, Fransada “Əyilməz Fransa”, Kommunist və Yaşıllar partiyaları yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır. “Əyilməz Fransa” partiyasının prezidenti, deputat Matild Pano sosialistləri məsələ barədə ciddi şəkildə düşünməyə çağıraraq vurğulayıb ki, makronist siyasətin davamlılığına çalışanlar Yeni Xalq Cəbhəsinin sıralarından çıxarılacaq: “İnanıram ki, ekoloqlar və kommunistlər Fransua Bayrunun təkliflərinin yalnız bir hiylə olduğunu başa düşürlər və Emmanuel Makronun siyasətinə qəti şəkildə son qoymağın vaxtıdır”.

Sosialistlərin daxilində hökumətə qarşı etimadsızlıq səsverməsi məsələsində mövcud fikir ayrılıqlarına toxunan Matild Pano onların ağıllı qərar vermələrini istəyib. O qeyd edib ki, Yeni Xalq Cəbhəsinin əsas məqsədi Emmanuel Makron siyasətinə son qoymaqdır. Partiya sədri əlavə edib ki, hökumətin ümumi siyasət proqramını dəstəkləyənlər və makronist siyasətin davamlılığına yol açanlar özlərini de-fakto Yeni Xalq Cəbhəsindən kənarda qoyurlar. Onu da qeyd edək ki,  Makronun reytinqi azalmaqda davam edir və son altı ilin ən aşağı səviyyəsinə düşüb. “La Tribune Dimanche” qəzeti üçün keçirilən Ipsos-un

sorğusunun nəticələri göstərir ki, Fransa liderinin reytinqi 2024-cü ilin noyabrı ilə müqayisədə iki pillə azalaraq 21%-ə düşüb. Beləliklə Makronun bəyənmə reytinqi ən aşağı nöqtəyə çatıb. Məlumata görə, Makronun bəyənmə reytinqi 12 bal aşağı düşüb. Makronun prezidentliyə potensial varisləri sırasında Fransa Milli Assambleyasında Milli Birlik fraksiyasının rəhbəri Marin Le Pen və həmin partiyanın sədri Jordan Bardella liderlik edirlər. Sol siyasi cinahın nümayəndələri arasında eks-prezident Fransua Oland dövlət başçısı vəzifəsinə əsas namizəd kimi göstərilib. Indiki halda Fransada iqtisadi böhran da siyasi qeyri-sabitliyin fitilini alovlandırır. Fransanın büdcəsi də acınacaqlı durumdadır.  2024-cü ildə büdcə kəsiri 150 milyard avro təşkil edib, 2025-ci il üçün isə bu rəqəm 180 milyarda çatacaq. Dövlət borcu 3.2 trilyon avroya yüksəlib. Beynəlxalq arenada Fransa məğlubiyyətlər zəncirini yaşayır. Afrikada onun mövqeləri zəifləyir: Mali və Burkina-Faso kimi keçmiş müstəmləkələr Parisdən üz döndərir. Cənubi Qafqazda isə Fransa Azərbaycan və Gürcüstanla münasibətləri korlayaraq təsir gücünü itirib. Mərakeşə verdiyi dəstək üzündən Əlcəzairlə yaranan gərginlik Fransanın təcridini daha da dərinləşdirib. Afrikanı faktiki olaraq Fransa üçün itirilmiş bölgə hesab etmək olar və Makron da bununla barışır.

Tahir TAĞIYEV





Seçilən
22
20
baki-xeber.com

10Mənbələr