AZ

Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir- birini tezliklə, digərini yayda...

Image

Bəlli olduğu kimi, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə erməni həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının 11-ci görüşü keçirilib. Görüş iki ölkənin sərhədində gerçəkləşib, tərəflər növbəti mərhələdə delimitasiya işlərinin aparılması üçün fikir mübadiləsini davam etdiriblər. 

Burada sərhədlərin müəyyən olunması məqsədilə birgə işin davam edilməsi, prosesin hansı istiqamətlərdə həyata keçirilməsi barədə razılıq ıldə olunub. Sözügedən xüsusda yayılan məlumatda qeyd olunur: “Kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər”.

Bütün bunlar artıq Ermənistanda ciddi təşvişlə qarşılanıb. Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan delimitasiyanın Tavuşdan – Ermənistan-Gürcüstan-Azərbaycan sərhədindən başlanmasını rəsmi Bakının diqtə etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi və Bakı bir müddət əvvəl qaytarılan Qazaxın anklav olmayan 4 kəndi ilə bağlı başlayan prosesi davam etdirir. Belə ki, hazırda qəbul olunan prinsiplə Azərbaycanın anklavlarının - Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin qaytarılması gündəmə gələcək. Abramyan qeyd edib ki, bu kəndlər geri qaytarılacağı halda Tavuşun təkcə daxili kommunikasiyanı məhv etməyəcək, həm də Ermənistan-Gürcüstan sərhədinə gedən Tavuş-Baqrataşen yolu Azərbaycan Ordusunun müşahidəsi altına düşəcək. Hazırda Azərbaycanın işğalda 4 kəndi qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. İşğal altındakı esklav kəndlərimizdə ermənilərin qanunsuz məskunlaşması həyata keçirilib.  Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub. Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir. Onu da xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasında aparılan sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlər 24 may 2024-cü il tarixində Azərbaycana təhvil verilib. İndi diqqət mərkəzində yer alan məsələ digər 4 kəndin də azad olunmasıdır.

İndilikdə hadisələrin inkişaf axarı göstərir ki, delimitasiyanın Qazax-Tavuş istiqamətindən başlanması Azərbaycana erməni işğalında qalan digər 4 kəndi azad etmək imkanı yaradır. Ermənistanla bağlı daha bir mühüm məsələ isə ATƏT-in Minsk qrupu ilə bağlıdır. Ermənistanın “Qraparak” nəşri yazır ki, bu məsələdə də Azərbaycanın tələblərinin yerinə yetrilməsinə hazırlıq gedir: “Hökumət mənbələrinin məlumatına görə, Ermənistan və Azərbaycan yaya qədər ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə ərizə təqdim edəcəklər”. Nəşrə görə, Paşinyan Minsk qrupunun sülh sazişinin imzalanması şərti ilə buraxılmasına razı olduğunu dəfələrlə bəyan etsə də, prezident İlham Əliyevin bəyanatlarından sonra geri çəkilib, bu növbəti tələblə razılaşmağa tələsib: “Üstəlik, bu yaxınlarda ədliyyə naziri Srbuhi Qalyan mətbuat konfransı zamanı hökumətin yeni konstitusiyanın mətninin seçkilərə qədər hazır olmasını qarşısına məqsəd qoyduğunu açıqlayıb. Bu arada Konstitusiya İslahatları Şurası konsepsiyanın 2026-cı ilin dekabrında təqdim edilməsi barədə qərar qəbul edib. Bu isə o deməkdir ki, 2027-ci ildə konstitusiya referendumu olmalıdır”. Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün şərtlərindən biridir. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun buraxılması ideyasını konstruktiv adlandırıb: “Biz bu mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var?”. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu haqda belə deyib: “Minsk konfransının bütün strukturları - Minsk qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in hazırkı sədrinin Qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi postu ləğv edilməlidir. Müvafiq qərarların qəbul edilməsinin  optimal yolu bu qurumların ləğvi ilə bağlı Bakı və İrəvanın birgə təklifidir”. Rusiyalı politoloq Mixail Neyjmakov qeyd edir ki, Rusiya ilə ABŞ arasında gərginliyin artması, o cümlədən, ən azı, Moskva ilə Paris arasında çox ciddi soyuma şəraitində Minsk qrupunun fəaliyyəti mümkünsüzdür. Rəsmi Bakı isə hesab edir ki, ATƏT-in keçmiş münaqişə ilə bağlı mexanizmlərinin ləğvi sülh müqaviləsi imzalananadək baş verməlidir.

Ramil QULİYEV





Seçilən
41
50
baki-xeber.com

10Mənbələr