AZ

20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi -Deputat

20 Yanvar faciəsi xalqımıza qarşı əvvəlcədən hazırlanmış bir cinayət idi. Totalitar Sovet rejimi tərəfindən xalqımıza qarşı törədilən bu qanlı cinayətin əsas məqsədi xalqımızın azadlıq ruhunu sındırmaq, xalqımzın gözünü qorxutmaq, milli azadlıq, müstəqillik əzmini qırmaq idi.

Redaktor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, lakin məlum olduğu kimi, Sovet rejimi nəinki bu çirkin məqsədinə çata bilmədi, əksinə, xalqımızın mübarizə əzmini daha da gücləndirdi, rejimə qarşı nifrəti daha da artırdı:

“20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. Qəhrəman oğul və qızlarımız əliyalın tankların qarşısına çıxaraq, böyük qəhrəmanlıq nümayiş etdirdilər və ölkəmizin azadlığı uğrunda canlarından keçdirlər. 20 Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu.

Qanlı yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi və faciədən sonra milli azadlıq hərəkatı tam siyasi məcraya keçdi, xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanın qurulmasında gördü”.

Deputat bildirib ki, bu hadisə, eyni zamanda, totalitar rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi:

“Bu qanlı hadisə nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinə qara hərflərlə yazılan bir günə, qara ləkəyə çevrildi. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfər amansızcasına qətlə yetirildi, 20 nəfər ölümcül yaralandı. Fövqəladə hal elan olunandan sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü”.

Deputat qeyd edib ki, o zaman bu qanlı hadisəni beyəlxalq arenaya çıxarmaq, aqressiv və qəddar sovet hakimiyyətinin bu cinayətlərini ifşa etmək olduqca çətin və təhlükəli bir məsələ idi:

“Lakin ulu öndər Heydər Əliyev bu təhlükəni gözə alaraq Sovet hakimiyətinin bu cinayətini ictimailəşdirdi. Bu tarixi gündə ilk siyasi qiymət dərhal ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Özü də imperiyanın mərkəzi – Moskva şəhərində. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır”.

A.Həsənova vurğulayıb ki, 20 yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub:

“Azərbaycan xalqı heç zaman öz qəhrəman oğul və qızlarını unutmur və 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 20 yanvar şəhidləri daim Azərbaycan xalqının qəlbinə yaşayır. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Seçilən
1
2
redaktor.az

3Mənbələr