Futbol üzrə Türkiyə millisinin də üzvü olan qapıçı Mert Günok İstanbul təmsilçisi “Beşiktaş”la yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə Super Liqa nəhənginin rəsmi saytına istinadən xəbər verir.
35 yaşlı qolkiperlə “2+1” illik yeni sözləşmə imzalanıb. Təcrübəli qolkiperin əvvəlki sözləşməsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Xatırladaq ki, “Beşiktaş” Mert Günoku 2021-ci ilin avqust ayında İstanbulun digər klubu “Başakşəhər”dən 1,3 milyon avroya transfer edib. Türkiyəli qolkiper cari mövsümdə “qara qartallar”ın heyətində 24 oyuna çıxıb, 30 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.
Mertin “Beşiktaş” karyerası bütövlükdə rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 98 oyun, 115 buraxılmış qol, 32 “quru” matç.
Xatırladaq ki, Mert Günok peşəkar karyerasına “Fənərbaxça”da başlayıb. O, 2015-2017-ci illər aralığında “Bursaspor”da çıxış edib. Sonrakı dörd mövsümdə isə futbolçu “Başakşəhər”in formasını geyinirdi.
Təcrübəli qolkiper 2012-ci ilin may ayında debüt etdiyi Türkiyə millisində 37 matça çıxıb. O, bu oyunlarda 37 qol buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı qapıçının transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.