AZ

"Çox ağırdı, çünki bura cırmaqlaya-cırmaqlaya gəlmişəm"

"Araz Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev "Sumqayıt"la yoxlama görüşündən (2:2) sonra Sportinfo.az-a müsahibə verib.

O, ilk öncə matç haqqında danışıb.

- Maraqlı oyun keçdi. Yaxşı mübarizə gördük. Bizim üçün əsas olan sürət idi. Onu da gördük.

- Yaxşı formada olduğun, milli komandaya dəvət edildiyin məqamda ağır zədə aldın. İndi özünü necə hiss edirsən?

- Bəli, karyeramın ən yaxşı dönəmində ağır zədə aldım. Futbolda heç kim bundan sığortalanmayıb. Açığı, psixoloji olaraq çox pis təsir etdi. Çünki bura cırmaqlaya-cırmaqlaya gəlmişəm. Yenidən düşmək, uzun müddət kənarda qalmaq çox ağırdır.

- Artıq mövqeyində ciddi rəqabət var. Əsas heyətdə yenidən möhkəmlənmək çətin olmayacaq?

- Məcbur şansımı gözləməliyəm. Formanı yenidən qazanmaq lazımdır. Mən də üzərimə düşəni edirəm. Çalışıram ki, hər məşqdə hazır olduğumu göstərim. İnşallah, yenidən əvvəlki formamı bərpa edərəm.

- Mualicə müddətində toparlana bilməmək qorxusu yaşadın?

- Bu zədəni karyeramın əvvəlində alsaydım, həmin qayğı məndə ola bilərdi. Amma mən elə çətinliklərdən keçmişəm ki, bu zədə mənə su içmək kimi bir şeydir. Futboldan uzaq qaldığım dönəm ən ağırı olub. Onu arxada qoya bilmişəmsə, bu heç nədir.

- Legioner limitinin ləğv edilməsi gündəmin əsas mövzusudur. Mövqeyin necədir?

- Çox pis. Bu qərar bütün azərbaycanlılara qarşı böyük ədalətsizlik olar. Öndə gedən futbol ölkəsi olsaydıq onda limiti ləğv etmək olardı. Bizim futbolda avtoritetimiz yoxdur. Hər bir sahədə olduğu kimi, futbolda da bu ölkənin vətəndaşları işləməli, oynamalıdır. Legionerlər kimi biz də əlimizdən gələni edirik, komandaya fayda veririk. Ümid edirəm ki, belə qərar çıxarılmaz.

XANOĞLAN İMANOV

Seçilən
19
23
sportinfo.az

10Mənbələr