Trent Universitetindən olan italyan alimləri effektiv yol hərəkəti sxemlərini tərtib etmək üçün qarışqalara müraciət ediblər.
Publika.az xəbər verir ki, araşdırma “Transportation Research Interdisciplinary Perspectives” (TRIP) elmi jurnalında dərc olunub.
“Qarışqalar insan magistrallarına bənzər ikitərəfli nəqliyyat axınının öhdəsindən gələ bilən azsaylı növlərdən biridir. Lakin qarışqalar tıxac yaratmadan rəvan hərəkət edirlər”, - deyə araşdırma həmmüəllifi, professor Marko Qerrieri bildirib.
Tədqiqatçılar 30 santimetrlik qarışqa izini müşahidə ediblər və maşın öyrənmə alqoritmlərindən istifadə edərək video görüntüləri təhlil ediblər. Mütəxəssislər ayrı-ayrı həşəratların marşrutlarını izləyib, onların trayektoriyalarını, sürətlərini, axınlarını və sıxlıqlarını xəritələşdiriblər.
Hesabat müəllifləri qeyd ediblər ki, qarışqalar liderin buraxdığı feromon izlərini izləyirlər. Onlar bir-birini ötmədən, qısa məsafə saxlayaraq, sütunlarla hərəkət edirlər.