AZ

DİN Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxsləri müəyyən etdi -ZƏRƏR ÖDƏNİLDİ

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Cəlil Əliyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

 

Fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80 min 507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

 

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

 

Bu arada Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin dələduzluq halı ilə üzləşməsi barədə "Kapital Bank" da yeni açıqlama yayıb.

 

Bildirilib ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və “Kapital Bank” tərəfindən dərhal araşdırma başlanılıb və lazımi tədbirlər görülüb. Vəsaitin köçürüldüyü hesab dərhal bloklanıb və oğurlanan məbləğin istifadəsinə icazə verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.

 

"Qeyd edək ki, baş verən hadisədə müştəri Cəlil Əliyev bank tərəfindən göndərilən OTP, 3D təhlükəsizlik kodu da daxil olmaqla bütün şəxsi məlumatlarını dələduzlarla bölüşüb. Bu səbəbdən də dələduzlar asanlıqla vəsaiti oğurlaya biliblər. Hadisənin ardından müştəri dərhal bankı və Daxili İşlər Nazirliyini məlumatlandırıb. Bu kimi hallarda vəsaitin bərpası çox nadir hallarda mümkün olsa da bank əməkdaşlarının və Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin səyi nəticəsində dələduzluq halının qarşısı alınıb.

 

Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, “Kapital Bank” adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik",- deyə məlumatda qeyd edilib.

 

**11:04


AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

 

Senzor.az bildirir ki, H.Əliyevanın atası Cəlil Əliyev KİV-ə açıqlamasında faktı təsdiqləyib.

 

O qeyd edib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

 

C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxs onu "Kapitalbank"ın əməkdaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi və kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, "Kapitalbank"ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

 

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

 

C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

 

DİN Mətbuat Xidmətinin yaydığı məlumatda isə bildirilir ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Qeyd olunub ki, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

 

Məsələ ilə bağlı "Kapital Bank" da məlumat yayıb. Bildirilib ki, qurum  Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi ilə bağlı araşdırma aparır: "Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək".

Seçilən
0
22
senzor.az

10Mənbələr