20 Yanvar faciəsindən 35 il keçməsinə baxmayaraq, bu tarix unudulmur.
Xalqa qarşı törədilən soyqırımın şahidi olan milyonlarla insan həmin gün əlindən gələn köməyi etməyə çalışdı. Bu faciənin şahidi olan, həmin vaxt çətinliklə də olsa öz dəstəyini əsirgəməyən insanlar bu gün də həmin hadisələri həm kədərlə, həm də qürurla xatırlayırlar.
Bu gün həmin gecə baş verənlərin şahidi, qətlə yetirilən vətəndaşlarımızın dəfnində böyük fədakarlıqla əməyi olan insanlardan biri, hərəkat iştirakçısı, o zamanlar mebel istehsalı ilə məşğul olan "Laçın" kiçik müəssisəsinin sahibi olmuş Şakir Ağayev xatirələrini "Cebheinfo.az" ilə bölüşüb:
"O günlər Xırdalandan tutmuş düz şəhərə, Mərkəzi Komitənin binasına qədər postlar qurulmuşdu. Həmin vaxtlar atam Laçından gəlmişdi və o faciəli gecə biz onunla birlikdə idik. Kolbasa və 100 ədəd çörək alıb maşınla yol boyu postlarda dayanan insanlara payladıq. Sonra şəhərə çatanda atam maşından düşüb Mərkəzi Komitəni daşlamağa başladı. Dedi ki, bilsəydi rus ordusu gəlib Azərbaycan xalqını qıracaq, 1941-45-ci illərdə almanlara güllə atmazdı. Mən atamı evə apardım.
Artıq mən Əhmədlidə, Ukrayna dairəsində olanda 12.00 radələrində atışma başladı. Səhər tezdən gəlib Salyan kazarmanın qarşısında “KamAZ”ların altından meyitləri bir-bir təcili yardım maşınlarına qoyub xəstəxanaya göndərdik. O meyitlərin yığılmasında iştirak etmişəm. Dünyanın heç bir yerində belə vəhşilk olmamışdı.
Onlar tank, BMP, top və hansı müasir varsa, ondan istifadə etmişdilər. Salyan kazarmanın qarşısında “KamAZ” bir meyitin üstüdən keçmişdi. Biz o meyiti götürəndə rus ordusu bizə atəş açdığından, baş hissə o tərəfdə qaldı. O başı götürə bilmədik. Sonra bilmədim kimsə o başı götürüb gətirdi”.
Həmsöhbətimiz bildirib ki, hər yerdə matəm idi:
“Millətimizə divan tutulmuşdu. O imperiya belə vəhşilik edib. Bunlar hamısı mənim gözümün qabağında olub".
Ş.Ağayevin sözlərinə görə, şəhidləri dəfn etməyə imkan vermirdilər:
"Ancaq biz o zaman "Azadlıq" qəzetini redaktoru Nəcəf Nəcəfov, Xaləddin Xəlilov, eləcə də mən Dəfn Komissiyasının üzvləri olduq. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə ilə məsləhətləşəndən sonra belə qərara gəldik ki, dəfn üçün 30-40 tabut lazımdır.
Ovaxtkı Bakı Sovetinin sədri Qaraqaşlıya müraciət edəndə o dedi ki, mən sizə taxta verə bilmərəm. Mən o zaman mebel istehsalı ilə məşğul olurdum. Beləliklə, biz sexdəki divanları sökərək səhərə qədər 40 ədəd tabut düzəltdik və məscidə gətirdik.
O zaman 1 milyona yaxın insanın çiynindəki 40 tabuta imperiya ordusu tab gətirə bilmədi və dəfn baş tutdu. Bu gün Şəhidlər xiyabanı ziyarətgah olub. Tarixə qırmızı hərflərlə yazılmalı hadisədir ki, müasir silahlarla silahlanmış orduya qarşı, tankların üstünə xalqımız əliyalın getmişdi. Mən də 20 Yanvar gecəsi təsadüf nəticəsində sağ qalmışam.
Səhərisi gün mühafizə xidməti xəbər verdi ki, müəssisə yanır. Demək, rus ordusu BRDM-lə vurub müəssisəni yandırdı. O zaman mən heç bilmirdim, Əhməd Cavadın oğlu Yılmaz Axundzadə Binəqədinin prokuroru idi. Demişdi ki, Şakir müəllim Vətənin qeyrətli oğludur, imkan verməyin ki, ona cinayət işi açılsın. Sexdə çox şey yanmışdı. Elə qeydiyyata aldılar ki, guya 800 manatlıq əmlak yanıb.
Bu gün Şəhidlər xiyabanı xalqımızın ziyarətgahına çevrilib, Allah bütün şəhidlərimizə rəhmət eləsin!"